Gürcüstanda etirazlara görə 10 polis işdən çıxarılıb

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən etiraz aksiyalarına görə 10 polis məmurunu vəzifəsindən azad edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumata görə, polis əməkdaşları iyunun 20-21-də paytaxtda keçirilən aksiyanın dağıdılması zamanı qeyri-bərabər güc tətbiq etdiyi üçün işdən azad ediliblər.

“Bu mərhələdəki yoxlamanın bir hissəsi olaraq, etirazlarda tətbiq olunan şiddətdə iştirak edən 10 hüquq-mühafizə orqanı əməkdaşının fəaliyyəti dayandırılıb”, – deyə açıqlamada bildirilib.

Bundan əvvəl Tbilisidə keçirilən etiraz aksiyasında saxlanan 300-dən çox iştirakçının 120 nəfəri inzibati həbsə məhkum edilib.

Beş gündür davam edən aksiyalarda etirazçıların tələblərindən biri də iyunun 20-21-də həbs edilən şəxslərin azad edilməsidir.

Polis nəfərlərinin işdən azad edilməsi ilə bağlı açıqlamada Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının səlahiyyətləri aşmasına dair araşdırma davam edir.

Açıqlamada deyilir ki, vəzifəsindən azad edilən hüquq-mühafizə orqanı əməkdaşlarının işi Baş Prokurorluğa göndəriləcək.

Etirazçıların digər bir tələbi də aksiyalarda qeyri-bərabər güc tətbiq edən polislərin cəzalandırılmasıdır.

Əvvəlki məqalə‘Çernobıl’ serialı: Svetlana Aleksiyeviçin adı başlıqlarda niyə yazılmayıb? [müsahibə]
Növbəti məqalədəKirovun qətlində, Bağırova sui-qəsddə günahlandırılıb güllələnən Azərbaycan alimi…