Gürcüstanda LGBT ilə mübarizə üçün “milli dəstələr” yaratmaq təklif olunur

Gürcüstanın Daxili İşlər Nazirliyi biznesmen Levan Vasadzenin “milli dəstələr” yaratmaqla bağlı təşəbbüsünə cavab verib. Bu haqda Gürcüstan DİN-i öz rəsmi saytında bildirib.

Vasadze bundan öncə Tbilisinin mərkəzində mitinq keçirərək xalqa elan edib ki, Gürcüstanda 18-23 iyun arası “LGBT qürur həftəsi” keçirilməklə bağlı tədbirlər olacaq və milli dəyərlərin qorunması üçün bu tədbirlərin qarşısını alacaq dəstələr yaradılmalıdır. Vasadzenin sözlərinə görə “milli dəstələr” LGBT üzvlərinə aqressiya göstərməməlidir.

Vasadzenin bu çıxışından sonra gürcü LGBT fəalları ölkə DİN-ə araşdırma üçün müraciət edib.

Gürcüstan DİN isə öz növbəsində ölkənin cinayət məcəlləsinin 223-cü maddəsi ilə, qanunsuz hərbi birləşmələr yaratmaq cəhdi ittihamı ilə cinayət işi açıldığını bildirib.

Xatırladaq ki, Gürcüstan Patriarxiyası da iyunun 14-də hakimiyyətə çağırış etmişdi ki, Tbilisidə gey-parad keçirilməsinə imkan verməsin. Elə həmin gün də gürcü LGBT icmasının üzvləri prezident administrasiyasının qarşısında mitinq keçirərək Gürcü Patriarxiyasının bəyanatına etiraz etmişdilər.

Bundan öncə 2013-cü ilin 17 mayında LGBT əleyhdarları homofobiya əleyhinə keçirdiyi mitinqi dağıtmışdı. Mühafizəkar gürcülərin LGBT üzvlərinə hücumları nəticəsində 30 nəfər yaralanmışdı. O zamandan bəri Gürcüstanda LGBT icmasının mitinqləri polis mühafizəsi ilə keçirilir.