Hacı Muradın qalıqlarının oğurlanması ilə bağlı Azərbaycan höküməti susur

Hacı Muradın Qaxın Tanqıt kəndindəki məzarı.

Qafqaz dağlılarının mübarizəsinin rəhbəri Hacı Murad Qafqaz müharibəsi zamanı İmam Şamilin naibi olub. O 1851-ci ildə Şamildən ayrılıb və Çeçenistana qaçıb. 1852-ci ildə o Qaxın Tanqıt kəndi yaxınlığında çar qüvvələri tərəfindən öldürülüb, elə orda da dəfn olunub.

Dağıstan KİV-in məlumatına görə, Azərbaycanın Qax rayonunda Hacı Muradın məzarı açılıb və Dağıstanda bu ilin iyun ayının 2-də təkrar dəfn edilib.

Rəsmi Bakı Qafqaz müharibəsinin qəhrəmanı naib Hacı Muradın qalıqlarının oğurlanması barədə Rusiya KİV-də yayılan məlumatlarla bağlı susur.

Azərbaycanın prokurorluq və polis orqanlarından şərh almaq cəhdləri nəticə verməyib. Hakimiyyət özünü elə aparır ki, guya heç nə baş verməyib və heç bir araşdırma aparılmır.

“Bu sükutun” nə ilə əlaqədar olduğunu söyləmək çətindir. Müşahidəçilərin fikrincə, burada iki məsələ ola bilər: Bakı qalıqların aparılmasına razılıq verib, ikincisi, bu, Bakının xəbəri olmadan baş verib ki, bu da qalmaqal sayılır. Azərbaycan ərazisində əcnəbilər tərəfindən vandalizm aktı törədilib, hakimiyyət isə göz yumub. Bundan əlavə, qalıqlar ölkə sərhəddindən çıxarılıb. Bütün bunlar necə baş verə bilər? Sual cavabdan çoxdur, hələ Azərbaycanın nüfuzuna dəyən zərbəni demirik.

* Hacı Murad ( 1818 – 1852) – avarların rəhbəri və qoşun böyüyü, imam Şamilin naibi və onun “sağ əli”. Əslən Xunzaxdandır (Dağıstan), avar xanlarının süd qardaşı, avar xalqının qəhrəmanıdır.

Hacı Muradın kəlləsinin onun Azərbaycandakı məzarında dəfn edilməsi məsələsi uzun illərdir müzakirə olunurdu. Kəllə Rusiya Federasiyasının Muzey Fondundan götürülmüşdü. Bununla belə, qohumların arasındakı fikir ayrılığına görə 2018-ci ilin əvvəlində kəllənin Kunstkameradan verilməsi baş tutmadı. 2019-cu ilin yanvarında Hacı Muradın başının Dağıstana qaytarılması və dəfni planları barədə məlumat yayıldı. Ədalətli Rusiya Partiyasının lideri, Dövlət Dumasının deputatı Sergey Mironov bununla bağlı müraciət etdi.

Həmin il mayın sonlarında belə məlumat yayıldı ki, iyunun 2-də Hacı Muradın qalıqları Azərbaycanın Qax rayonundan aparılacaq və onun doğma Xunzax kəndində dəfn ediləcək. Xunzax rayon administrasiyası rəsmən bəyan edib ki, bu məlumat həqiqətəuyğun deyil. Bununla belə, Hacı Muradın ehtimal olunan qalıqları iyunun 2-də Xunzaxda dəfn edilib. Lakin hakimiyyət orqanları xəbərdar edilməyib və qalıqların həqiqətən Hacı Murada aid olduğunu və Azərbaycanda eksqumasiya edildiyini sübut edən sənədlər təqdim olunmayıb.