İran həbsxanasında iki azərbaycanlı fəal aclıq aksiyası keçirir

İranda həbs olunmuş Azərbaycanlı siyasi fəal Mehdi Kuxiyan.

Təbriz həbsxanasında saxlanılan Əmir Sattari Raufun aclıq aksiyasının 11 gündür davam etdiyi bildirilir. Onun məhkəmə hökmünə etiraz olaraq aclıq etdiyi deyilir. O, cəzasının azaldılmasını istəyir. Ancaq vəkilin sözlərinə görə, məhkəmə Əmir Sattari Raufun hökmünü daha 5 il artırıb.

İkinci məhbus Mehdi Kuxiyənin isə Marağa həbsxanasında dördüncü gündür aclığa başladığı deyilir.

Ona işgəncə verilməsini iddia edən siyasi fəal buna son qoyulmasını tələb edir. O, eyni zamanda, özünü siyasi məhbus sayır və bu səbəbdən adi məhbuslarla eyni kamerada saxlanılmasına etiraz edir.

“Bugünlərdə Tehran zindanında saxlanılan 21-yaşlı siyasi məhbus Alirza Şirməmmədəli məhbuslar tərəfindən öldürülüb. Buna görə Mehdi Kuxiyən də narahatdır və siyasi məhbuslarla eyni kamerada saxlanmasını tələb edir”, – Nağı Mahmudi qeyd edir.

Vəkil Mehdi Kuxiyənin indiyədək dəfələrlə həbs edildiyini, sonuncu dəfə “Teleqram” messencerində şəhərdəki problemləri tənqid etdiyinə görə həbs olunduğunu söyləyir.

İranda yaşayan azərbaycanlılar milli diskriminasiyaya məruz qaldıqlarını bildirir, öz dillərində təhsil tələb edirlər. Bu tələblərlə çıxış edən siyasi fəallar zaman-zaman həbs olunur, bəziləri sürgünə göndərilir, bəzilərinin siyasi fəaliyyəti yasaqlanır.