İvanişvili müxalifətin tələblərini yerinə yetirir: Proporsional seçki keçiriləcək

Gürcüstanın iqtidar “Gürcü Arzusu” partiyasının lideri Bdzina İvanişvili paytaxt Tbilisidəki kütləvi etirazlardan sonra 2020-ci ildə parlament seçilərinin proporsional sistemlə keçiriləcəyi ilə bağlı açıqlama verib.

Bu haqda Bidzina İvanişvili iyunun 24-də Tbilisidə keçirdiyi brifinqdə bəyan edib.

Beləliklə, hakimiyyət müxalifətin tələblərini nəzərə alıb. Son vaxtlar müxalifət tam proporsional sistemə keçidi, yəni parlamentə deputat seçkisinin ancaq partiya siyahıları üzrə olmasını tələb edirdi.

İyunun 13-də 20 müxalifət partiyasının təmsilçiləri 2020-ci ildən proporsional seçki sisteminə keçid, yəni yaxın parlament seçkisində deputatların majoritar sistem üzrə seçkisinin ləğvi tələbilə 300 min imzanı Gürcüstan parlamentinə təqdim ediblər.

Bundan öncə isə hakim partiya bildirmişdi ki, bu tələbə baxmaq niyyətində deyil.

İyunun 20-də Tbilisidə iğtişaşlar başladıqdan sonra hər gün Gürcüstan parlamentinin yaxınlığında keçirilən çoxminlik etiraz aksiyalarında proporsional sistemə keçid tələbi səslənir.

Müşahidəçilər bildirirlər ki, çətin ki bu qərar hökumətin istefasını və parlamentə növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçıları sakitləşdirsin.

Bundan əlavə İvanişvili bu günki çıxışında deyib ki, kütləvi zorakılığa imkan yaradanlar və güc tətbiqini artıranlar cəzalandırılmalıdır. Onun sözlərinə görə, xalqın ictimai tələbləri hüquqi nəticələrlə müşaiət olunmalıdır.

Xatırladaq ki, Gürcüstanda bir neçə gün öncə başlayan mitinqlər rusiyalı deputat Aleksey Qavrilovun Gürcü parlamentinin sədrinin yerində oturmasına etiraz olaraq başlamışdı.

Etirazlar nəticəsində, parlamentin sədri İrakli Kobaxidze öz postundan istefa verdi.