Keşikçidağ-David Qareci problemi: Kim haqlıdır? – İlkin Rüstəmzadə

Bir müddət əvvəl Azərbaycan sərhədçilərinin Gürcüstan vətəndaşlarını və Azərbaycan vizası olmayan əcnəbiləri Keşikçidağ – David Qareci kompleksinin Azərbaycan hissəsinə buraxmaması və bu məsələ ətrafında yaşanan qalmaqal, Azərbaycan ictimai rəyində və mediada çox az müzakirə olunsa da, qonşu ölkədə əməlli başlı siyasi dalğa yaratmaqdadır.

Bu məsələ ilə bağlı bütün siyasi partiyalar ortaq mövqe sərgiləyiblər və yaxın vaxtlarda izdihamlı etiraz aksiyası planlaşdırılır. Məsələdə Gürcüstanda çox böyük güc sahibi olan patriarx İlya maraqlıdır və bütün siyasi güclər onun xeyir-duası ilə bu məsələdə birləşiblər.

Olduqca dindar və faşizm səviyyəsində milliyətçi bir cəmiyyətə sahib olan Gürcüstanda yaxın vaxtlarda keçiriləcək parlament seçkiləri ərəfəsində bütün siyasi partiyalar bu məsələdən siyasi xal qazanmaq niyyətindədirlər.

Konflikti kim başladıb?

Bəs əslində  Keşikçidağ – David Qareci məsələsi niyə bu qədər ciddi mübahisə yaratdı və bu mübahisəni kim yaratdı? Bu barədə Vikipediyanın Azərbaycan versiyasında çox maraqlı məqalə var.

Qısa şəkildə burada qeyd etməyi zəruri bilirəm ki, Keşikçidağ kompleksi IV əsrdə tikildiyi təxmin edilən müdafiə kompleksindən, müxtəlif mağaralardan və V-VI əsrlərə aid edilən xristian məbədlərindən ibarət olan, bir hissəsi Gürcüstanın Saqareco, bir hissəsi isə Azərbaycanın Ağstafa rayonuna düşən abidələr kompleksidir.

Kompleksdəki məbəd tarixçilərin ortaq qənaətinə görə alban kilsəsi olub və yalnız gürcü hökmdarları IV Davidin dövründə ziyarət edilməyə başlanmış və kraliça Tamaranın hakimiyyəti illərində gürcü kilsəsinin təsiri altına düşmüşdür. Həmin dövrdə Azərbaycan ərazisindəki dövlətlərin xristian məbədlərinə maraq göstərməməsi nəticəsində kilsə tamamilə gürcü kilsəsinin nəzarətinə keçsə də, ərazi olaraq gürcü dövlətlərinə tabe olmamışdır.

Kilsənin yerləşdiyi ərazinin mübahisə predmetinə çevrilməsi yalnız rus işğalından sonra başlamışdır. Belə ki, rus strateqlərin 200 ildir dəyişməyən iblisanə  qərarları ilə Tiflis və Yelizavetpol quberniyalarının sərhəd xətti bu kompleksdən keçirilir. Və mübahisənin əsası qoyulur.

Bu yerdə qeyd etmək lazımdır ki, Gürcüstan dünyanın ən qədim 100 kilsəsindən 13-nə sahibdir və bu kilsələr əsas turizm məkanlarıdır. İlin bütün dövrlərində müxtəlif kilsələrə turlar təşkil olunur. David Qareci kompleksi də bir neçə kilsənin yerləşdiyi xəttin sonuncu marşrutudur.

İndiyədək Azərbaycan və Gürcüstan arasındakı susqun razılığa əsasən kompleksin Azərbaycan hissəsində qeyri-rəsmi “yaşıl zona” tətbiq olunurdu və xarici turistlər Azərbaycan vizası almadan, Gürcüstan vətəndaşları isə sərhəd yoxlanışından keçmədən kompleksin Azərbaycana aid olan hissəsinə keçə bilirdilər. Lakin cəmiyyətə açıqlanmayan səbəblərdən, sonuncu dəfə durum fərqli oldu və indiyədək verilən icazə dayandırıldı.

Problem artıq həll olunub?

Bu gün Gürcüstanda müxtəlif kilsə komplekslərinə, eləcə də David Qareci – Keşikçidağ məbədinə turlar təşkil edən yerli tur kampaniyalardan bir neçəsinə yaxınlaşıb özümü Aİ vətəndaşı olaraq təqdim edərək, Azərbaycan vizası almadan “David Qareci”yə gedə bilib-bilməyəcəyimi soruşdum. Mənə 35-50 lari arası qiymətə (nəqliyyat, tur bələdçisi) “David Qareci” kompleksinə gedə biləcəyimi bildirdilər. Azərbaycan tərəfdəki problemi soruşduqda bildirdilər ki, problem artıq həllini tapıb.

Əgər bu problem susqun razılıqla və BMT-nin təsdiq etdiyi ərazilərə hörmət çərçivəsində həll edilə bilirdisə, bu səs-küy kimə və niyə lazım idi?  Düzdür, artıq Gürcüstan cəmiyyətində bir çoxları məbədin birdəfəlik Gürcüstana verilməli olduğunu tələb etməyə başlayıblar və Azərbaycanda hakimiyyətin bu məsələdə cəmiyyəti məlumatsız saxlaması şübhələri artırır. Lakin ümumilikdə Gürcüstandakı seçki ab-havası yatdıqdan sonra eyni ritorikanın davam edib-etməyəcəyini diqqətlə izləmək lazımdır.

Yuxarıda qeyd etdiyim kimi problemin kökü Çar Rusiyasına gedib çıxır və bu gün regionda olan siyasi konyukturaya bu problemin yaranmasının ən çox Rusiyaya sərf etdiyini açıq şəkildə görmək mümkündür. Azərbaycan iki tarixi antoqonisti – onun ərazilərini və dövlətçiliyini dəfələrlə işğal edən Rusiya, İran və region üçün xərçəng xəstəliyinə çevrilən Türkiyənin arasında yerləşir.

Qərbdə ərazilərimizi işğal edən Ermənistanı da çıxsaq, bizim sivil və azad dünyaya yeganə pəncərəmiz olan Gürcüstanla problem yaşamağımız bizə Gürcüstan üçün isə ən çətin durumlarında onun yanında olmuş Azərbaycanla problem onun özünə heç lazım deyil. Zatən məsələnin məğzinə baxsaq, rus patriarxı Kirillə çox sıx əlaqələri olan və öz yerinə varis olaraq Rusiya (bəziləri FZB təhsilli olduğunu iddia edir) təhsilli təcrubəsiz bir gənci təyin edən Patriarx İlyanın bu məsələdə əsas rolu oynaması, ayıq müşahidəçi üçün işlərin nə yerdə olduğunu izah edir.

Yerli müşahidəçilərin tez-tez bildirdiyinə görə, son dövrlərdə Gürcüstanda Rusiya təsiri olduqca güclənməkdədir və ticarət əlaqələri artıq 2008-ci ildən əvvəlki səviyyəyə çatıb və hətta o səviyyəni keçib. Eyni zamanda hakimiyyəti formal olaraq xalq seçsə də, seçim Kremllə isti münasibətləri olan İvanişvilinin adamları arasında gedir.

Demokratik institutlar Gürcüstanda kifayət qədər güclü olsalar da, “boz kardinal” ən güclüdür. Düzdür, ictimai rəylə hesablaşılır və xalq özünü azad hiss edə biləcək səviyyədə siyasi proseslərdə iştirak edir. Lakin Rusiyanın təsiri burada olduqca güclüdür və son hadisələrdə 200 il əvvəl fundamenti qoyulan nifaqın alovlandırılması yalnız Rusiyaya sərf edir.

Azərbaycanın insan haqları tələbləri üzündən Qərbə qapılarını böyük ölçüdə bağladığı bir şəraitdə, yəni Qərbin normal dəstəyinə ümid edə bilməyəcəyimiz bir durumda Rusiyanın bu pressinqi bizimçün çox narahatedici bir haldır və ölkə rəhbərliyi bu məsələdə atdığı və atacağı bütün addımları ictimai rəyə açıqlamalıdır.

Məni bu məsələdə ən çox narahat edən məsələlərdən biri də “şəmi-şöşü”nü günlərlə müzakirə edən cəmiyyətimizin bu cür həssas və gürcülərin açıq-aşkar hücum mövqeyində olduqları həyəcanlı bir situasiyaya çox zəif reaksiya verməsidir.

Təəssüf ki, hər şeydə olduğu kimi kosmopolitizmin də şitini çıxartmışıq. Bu məsələ çox həyati bir durumdur və bizim xalq olaraq nələrəsə sahib ola bilib-bilməyəcəyimizin sınandığı bu hadisədə vecsizlik göstərmək cəmiyyətimizdəki böhranın miqyasını nümayiş etdirir.

İlkin Rüstəmzadə