Litvalı deputatlar ‘Sputnik’ agentliyinin qadağan olunmasını tələb edirlər

Litva parlamentində təmsil olunan “Milli İttifaq – Litvanın Xristian Demokratları” partiyasının üzvləri rus təbliğat radiosu olan “Sputnik”in Litva xidmətinin bloklanmasına çağırış ediblər.

Bu haqda “Baltnews” xəbər agentliyi məlumat yayıb. Siyasətçilər “Sputnik” jurnalistlərinin ölkə təhlükəsizliyinə təhdid yaratdığını deyiblər.

Sputnik-Litva saytının bloklanması təşəbbüsü ilə “Milli İttifaq – Litvanın Xristian Demokratları” partiyasından olan deputatlar Laurinas KasçyunasAufronyus Ajubalis  çıxış ediblər.

Onlar həmçinin Litva Teleradio Yayımı Şurasını da Sputnik-də çalışan jurnalistlərin fəaliyyətini yoxlamağa çağırıblar.

Deputatlar Sputnik-də çalışan jurnalistləri Litva tarixi və milli dəyərlərinə hörmətsizlikdə, yalan məlumat yaymaqda, sovetlərə qarşı vuruşmuş Litva partizanlarının xatirəsini gözdən salmaqda ittiham ediblər.

Deputatların yaydığı bəyanatda deyilir ki, təkcə son bir neçə ayda Sputnik saytında Litva partizanları haqda yalan məlumatlar, sovetlərlə mübarizə apararaq həlak olanların xatirəsinə qarşı təhqirlər, litvalı siyasətçilərə qarşı aşağılamalar və cəmiyyəti qızışdıraraq münaqişə yaratmaq cəhdləri açıq nəzərə çarpıb.

Litva bundan öncə də rus KİV-lərinin ölkə ərazisində yayılmasına qarşı ciddi mübarizə aparıb.

Bu ilin may ayında ölkə paytaxtında Sputnik saytının Litva xidmətinin şef redaktoru Marat Kasem həbs olunmuşdu. Litva höküməti onu ölkənin milli təhlükəsizliyinə təhdid sayılacaq əməllərdə ittiham edərək beş illiyinə ölkədən deport edib.

Rusiyanın Litvadakı səfiri Aleksandr Udalçov isə Marat Kasemin saxlanılaraq deportasiya edilməsini iyrənc aksiya və Litvanı biabır edən əməl adlandırmışdı.