Mediakratiya, yaxud jurnalist hakimiyyəti ölkəni necə dəyişir – Namiq Hüseynli

Gününümüz Azərbaycan ictimai şüurunda əvvəllər heç vaxt gözə çarpmayan trendlər meydana çıxmaqdadır. İndi hakimiyyət qəzetləri nə kağız variantda oxunur, nə də internetdəki saytları ziyarət edilir. Televizoru isə insanlar kinoya, ya da şou-qalmaqal verilişlərinə baxmaq üçün açır, heç bir halda orda verilən xəbərlərin dürüstlüyünə inanmır. İnsanların çoxu xəbəri müstəqil mənbələrdən almağa çalışır. Bura bloklanmış, ya da bloklanmaq riski altında olan saytlar aiddir.

Mənim müşahidə etdiyim budur ki, hakimiyyət tərəfindən təqib olunan, incidilən jurnalistlərin və ictimai simaların təsir dairəsində olan saytlarda önəməxsus üslub var. Bu üslubun ən xarakterik xüsusiyyəti xəbər çatdırmaqdan əlavə, iqtidarın aşkar qüsurlarını göstərib onu gözdən salmaq və bu yolla əvvəl-axır hakimiyyətə gəlmək cəhdlərinin açıq-aydın hiss olunmasıdır. Burda qəribə olan odur ki, məhz jurnalist hakimiyyət uğrunda mübarizədə ön sırada gedir, ya öz namizədinin ya da bilavasitə özünün gələcəkdə hakimiyyətə gəlməsinə zəmin hazırlayır. Jurnalistin hakimiyyətə gəlməsi halı isə bizim regionumuz üçün yenilik deyil, qonşu ölkənin rəhbəri Nikol Paşinyan hakimiyyət uğrunda mübarizəsinə, məhz jurnalist kimi başlamışdı.

Azərbaycan hakimiyyətinin ən çox mübarizə apardığı media orqanları. Onlar həm də ölkədə media hakimiyyətinin əsas simalarıdırlar.

Müxalif qüvvəllərin sərbəst toplaşmaq və fikrini cəmiyyətə azad şəkildə çatdıra bilmək imkanlarının əllərindən alınması şübhəsiz ki onların davranışlarında qisasçılıq meylləri yaradıb. Yenə də qəribəsi odur ki, bu qisasçılıq ən çox müstəqil saydığımız mediada qalın bir xətt kimi önə çıxır.

Fikrimcə medianın siyasətçiləri də öz təsiri altına alması, qisasçılıq və hakimiyyət uğrunda mübarizə kimi ona aid olmamalı xarakterlərinə ümumilikdə mediakratiya adı verməliyik. Hakimiyyət onunla yoxmuş kimi davransa belə Azərbaycanda iqtidara rəqib daha bir iqtidar, mediakratiya var. Hakimiyyətin mediakratiyayla mübarizəsi çox bəsitdir, jurnalisti yaxud sayt redaktorunu tutmaq, əgər o xaricdədirsə qohumlarına ondan imtina ərizəsi yazdırmaq, ölkədən çıxışını qadağan etmək. Bütün bunlar mediakratiyanın önünü kəsmir, çünki o fərdlərə bağlı deyil, ideyadır.

Mediakratiyanı sadə dildə belə izah etmək olar: bu elə quruluşdur ki, orda çox həll edilməyən məsələni jurnalistlər həll edir, media orqanlarının simasi siyasətçilərin simasından daha populyar və təsirlidir, jurnalistlər məmurları işdən çıxartdıra (misalçün, intihar etmiş 14 yaşlı qız Elinanı şok vəziyyətində sorğu-suala çəkən məktəb direktoru, onun müavini və hətta icra hakimiyyətinin işçisi Xalidə Bayramovanın işdən çıxarılması) ya da iş yerini dəyişdirtdirə (AXCP-çi funksionerin oğlunun  toyunu keçirməyə imkan verməyən Saatlı Rayon İcra Başçısının iş yerinin dəyişdirilməsi) bilir. Jurnalistlər hətta kimisə tutdura da (məsəlçün, “Qaçqınkomun” eks rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin həbs olunması) bilir. Əsas qeyd olunmalı məqam odur ki, jurnalistlər bunu təkcə öz çalışdıqları saytlarda yazaraq yox, həm də əsasən sosial şəbəkə əhlinin nəhəng dəstəyi ilə edirlər.

Cəmiyyətin sosial şəbəkədə təmsil olunan üzvlərinin heç də hamısı fəal şəkildə ictimai reaksiyanı yaradıb, idarə etmir. İctimai reaksiya əsasən müstəqil və müxalif QHT fəalları, insan hüquqları müdafiəçiləri jurnalistlər, partiya fəalları, yazarlar, şairlər, tarixçilər, sənət adamlarının inhisarındadır. Onlar özləri isə mediasız güclərinin böyük hissəsini itirərdilər və cəmiyyətə maraqsız olardılar. Bu adamlar həm də mediakratiyanın vurucu qollarıdır. Onlar media üçün problemli mövzular tapır, bu mövzuları gündəmdə saxlayır, müzakirəsini aparır və axırda problemin həlli üçün çalışırlar. Bir sözlə mediakratiya ölkənin siyasi gündəmini müəyyən edir və hakimiyyət bu gündəmi dəyişdirmək üçün dəridən-qabıqdan çıxır, bəzənsə gündəmi yatırtmaq üçün mediakratiyaya təslim olub, onun istədiyini edir.

Mediakratiyanın beynəlxalq aləmdə pislənən və əxlaqsız bir idarəetmə forması olduğu deyilsə də bizim kimi ölkələr üçün faydalı yanları daha çoxdur. Məsəlçün, media yalan xəbəri yayaraq insanları tez-tez ayağa qaldırıb kiminsə linç olunmasına aparıb çıxara bilir və yaxud media bəzən öz mental xüsusiyyətləri olan ölkələrdə qlobalizmi təbliğ edərək onun əsl rəngini və xüsusiyyətlərini itirməsinə  aparıb çıxara bilir. Mediakratiya həm də imperializmi və qlobal kapitalizm mənşəlli bir qavrayışdır.

Azərbaycanda qurulmuş mediakratiyanın isə öz  xeyirli və qüsurlu tərəfləri var. Bizim ölkəmizdə əzilən çevrə məhz sosial şəbəkənin və medianın köməyilə öz problemlərini yuxarılara çatdırıb, yuxarıların həvəssiz də olsa problemlərin həlliylə məşğul olmasına imkan yarada bilir. Mediakratiya insanları məhz modern və sekulyar dəyərləri müdafiə edəcək şəkildə tərbiyələndirməyə çalışır. Elmi, ədəbiyyatı, musiqini populyarlaşdırır və s.

Azərbaycansayağı mediakratiyanın mənə görə mənfi yönlərini də sadalamaq istərdim. Hər şeydən öncə mediakratiya maliyyəsini Qərbdən aldığı üçün cəmiyyətin bütün təbəqələrinə xitab etməyən media orqanlarının əlindədir. Məsələn qərbyönümlü “BBC Azərbaycanca”  tez-tez ölkədəki LGBT icmasının problemləri haqda nələrsə oxuyarsınız, amma cəmiyyətin dindar təbəqəsinin probleminin əks olunmasını görməzsiniz. Yaxud, Qərb fondları tərəfindən maliyyələşdiyi söylənilən Meydan.tv–də gender problemləri, feminist hərakat haqda məqalələr görərsiniz, ancaq cəmiyyətin həssas olduğu milli dəyərlərə qarşı həmin diqqəti görməzsiniz. Mediakratiya bütünlükdə Azərbaycan cəmiyyətində islami dini etiqad azadlığına qarşıdır, mental dəyərləri ələ salıb etibarsızlaşdırmağa çalışır (öz məqalələrində bu dəyərlərin sorğulanması üsulu ilə deyil, dəyərlərin qüsurlu və əxlaqsız təqdim edilməsi üsulu ilə edirlər). Mediakratiya həm də öz senzura və dözümsüzlük kriteriyaları olan bir institutdur. Məsəlçün, siz orda Türkiyə, ya da İranla bağlı müsbət fikir görməzsiniz, çünki bu ölkələr ənənəvi islami ölkələrdir və Qərbin sevmədiyi rejimlər tərəfindən idarə olunur. Mediakratiya Rusiya və rus dilini də sevmir, amma ingilis aləmi və ingilis dilini sevir. Mediakratiya Qarabağ mövzusunda Azərbaycan xalqının mövqeyini dəstəkləmir. İki düşmən xalqın barışması üçün çalışır, amma torpaqların Azərbaycana qaytarılması üçün heç bir konkret tələb səsləndirmir. Bir sözlə, mediakratiya azərbaycansayağı bir şüur deyil, azərbaycanlı ağlı ilə yaradılmayıb, dizayn edilməyib və onun əsas məqsədi daha çox qlobal dəyərləri ölkələrə gətirib burda populyarlaşdırmaqdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir, radaksiyanın mövqeyiylə üst-üstə düşməyə bilər.

Mənbə: Namiq Hüseynli