Nazirlik rüşvət faktını araşdırmaq əvəzinə jurnalisti məhkəməyə verib

Teymur Kərimov

Səhiyyə Nazirliyi qarşısında təkbaşına etiraz aksiyası keçirib, xəstəxanalarda anasının müalicəsi üçün rüşvət tələb olunmasından şikayətlənən jurnalist Teymur Kərimov məhkəməyə verilib.

Səhiyyə Nazirliyi jurnalistin xəstəxanalarda korrupsiya barədə bilərəkdən yalan məlumat yaydığını iddia edərək, cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Nazirlik Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb, T.Kərimovun CM-in 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edib.

İyunun 6-da məhkəmənin hazırlıq iclası keçirilib, iddiaya baxılmasının mümkünlüyü məsələsi müzakirə olunub.

T.Kərimovun vəkilləri iddianın icraata götürülməsinə etiraz ediblər. Deyiblər ki, Səhiyyə Nazirliyi hüquqi şəxs olduğuna görə xüsusi ittihamçı statusunda tanına bilməz. Vəkil Elçin Sadıqovun sözlərinə görə, bu barədə Ali Məhkəmənin 2014-cü ilin noyabrında qəbul etdiyi qərar var.

Vəkillər deyir ki, Nazirliyin iddia ərizəsi də qanunauyğun tərtib olunmayıb, qarşı tərəfin ünvanı, iş yeri göstərilməyib, atasının adı səhv yazılıb və s.

T.Kərimov özü də iddianın əsassız olduğunu bildirərək, icraata götürülməsinə etiraz edib. Bildirib ki, o, heç kimə böhtan atmayıb, Səhiyyə Nazirliyinin qarşısındakı aksiyada dediklərinin hamısı həqiqətdir.

Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırıb.

Hakim Babək Pənahov qaldırılan vəsatətlərlə bağlı qərar vermək üçün müşavirəyə gedib. Nəticə iyunun 10-da məlum olacaq.

T.Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirib. O, onkoloji xəstə olan anasına xəstəxanada lazım olan dərmanlar, reaktivlərin verilmədiyini, rüşvət tələb olunduğunu iddia edib.

«Artıq pulum qurtarmışdı, dərmanları ala bilmirdim. 500 manat pul lazım idi. Ona Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarmaqla aksiya elədim», – T.Kərimov belə deyib.

Səhiyyə Nazirliyi isə dövlət xəstəxanalarında müayinə və müalicənin pulsuz olduğunu bildirir.

CM-in 147.2 maddəsində 2 ilədək islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.