Qərb mediası: ‘Türkiyədə Erdoğan dövrü başa çatır’

İyunun 23-ü İstanbul Böyükşəhər Bələdiyyəsi başqanlığına keçirilən təkrar seçkilərin nəticələrindən sonra qərb mətbuatı bu barədə çoxlu məqalələr dərc edib. Abzas olaraq həmin məqalələrdən xülasələri təqdim edirik.

Almaniyanın ən tirajlı qəzetlərindən biri “Die Welt”in bu günki buraxılışının manşeti Türkiyə haqqındadır: “Erdoğan dövrü başa çatır” – manşetiylə qəzet bu günki sayını çap edib.

“Əgər Türkiyə həqiqətən də demokratik bir ölkə olsaydı, Ərdoğana keçmiş xidmətlərinə görə təşəkkür edib təqaüdə yollayardılar. Ancaq nə Türkiyə demokratikdir, nə də Ərdoğan demokrat bir siyasətçidir. Çünki, Ərdoğan iqtidardan əl çəkdikdən sonra həyatının qalan hissəsini rahat və hüzurlu şəkildə keçirməyəcəyini bilir. Onunla bağlı korrupsiya, Konstitusiya quruluşunu zorla dəyişdirmək və digər bir çox cinayətlər törətmək ittihamı ilə cinayət işi qaldırılacağına əmindir”. – deyə qəzetdə yazılıb.

“The New York Times” qəzeti Türkiyədəki seçkilərlə bağlı “Erdogan siyasi karyerasının ən böyük məğlubiyyətini yaşadı” başlıqlı yazı dərc edib.

Yazıda deyilir ki, bu seçkinin nəticəsinin iqtidar Türkiyənin ən böyük şəhəri üzərinə nəzarəti müxalifətə verdi, Erdoğanın hakim AK Partiyasının İstanbuldakı 25 illik hakimiyyətinə son qoyuldu.

“Opponentləri deyirlər ki, belə bir itki prezidentin sarsılmazlıq aurasında çat yaradır, onun 16 illik hakimiyyətinin zəiflədiyini ortaya qoyur. Bu məğlubiyyət həm də gələn həftə keçiriləcək Böyük 20-lik sammiti qabağı Birləşmiş Ştatlar və digər ölkələrlə münasibətlərinin gərgin olduğu bir vaxtda Erdogan-ın mövqeyini zəiflədir. O, sammit çərçivəsində ABŞ Prezidenti Donald Trump ilə bir sıra fikir ayrılıqları üzrə danışıqlar aparmağı planlayır”.

“Süddeutsche Zeitung” qəzeti isə İstanbulda AKP namizədinin məğlub olmasını belə bir başlıqla təqdim edib: “İstanbul şilləsi”

“İstanbuldakı seçkilərdən sonra ölkənin ən böyük maliyyə qaynaqlarına sahib şəhəri müxalifətin əlinə keçməsiylə razılaşa bilməyənlər üçün əməlli-başlı şillə oldu. Seçkinin nəticələri Türkiyənin gələcəyi üçün ümid vəd edir. Bütün çatışmazlıqlara baxmayaraq ölkədəki siyasi sistemin demokratiya qaydalarına sadiq olması göründü.

Erdoğan iqtidarı artıq zirvədəki yerindən yavaş-yavaş uzaqlaşmadadır. Amma bu, Türkiyədəki vəziyyətin sürətlə düzələcəyini göstərmir. Parlament seçkiləri 2023-də keçiriləcək. Parlament seçkiləri erkən keçirmək üçün bütün müxalifət bir yumruq kimi birləşib hərəkətə keçməlidir”.

“Die Zeit” qəzetinin yayımladığı analizdə qeyd edilir ki: “Ekrem İmamoğlunun Böyükşəhər Bələdiyyəsinə sədr seçilməsində göstərdiyi tarixi zəfəri türklərin bütün təzyiqlərə baxmayaraq avtokratiyanı qəbul etməyəcəyini göstərir.”

Məqalənin davamında bildirilir ki, demokratik sistemlərdə seçki vaxtı işləyən idarətmə mexanizmlərinin olması zəruridir.

“Bu, İstanbul meri uğrunda gedən yarışda da vardı, əks təqdirdə müxalifət qalib gələ bilməzdi. Bu yaxşı xəbərdir, çünki Türkiyədə hələ də işlək bir hüquqi dövlət və demokratik quruluş var. Halbuki, Türkiyə haqqında tez-tez ölkədəki demokratiyanın öldüyü xəbərləri manşetlərə çıxır. İndiki vəziyyətsə, demokratik sistemlərinin bir çoxunun ehtimal olunan qədər asan ölməyəcəyinə yaxşı bir nümunədir”.

BBC isə Türkiyədə bir çox gənclərin hakimiyyətdə yalnız Erdoğanın AK Partiyasını gördüyünü, onlar üçün bu seçkinin dəyişiklik fürsəti olduğunu yazır.

“Gənclərin çoxu Türkiyədən getmək istəyir. İndi isə yenidən qalmağı düşünürük. Yenidən ümidlənmişik”, – 22 yaşlı universitet tələbəsi Ayca Yilmaz deyib.

Qəzet hakim partiyada çatların artıq göründüyünü, təhlilçilərə istinadla onların bu məğlubiyyətdən sonra daha dərinləşəyə biləcəyini yazır.

“Erdogan çox narahatdır”, – jurnalist və yazar Murat Yetkin seçkidən öncə yazırdı.

“O, əlindəki bütün kartlardan istifadə edir. İstənilən fərqlə uduzması onun son 25 ildə davamlı siyasi yüksəlişinin sonu ola bilər. Əslində, o, prezident vəzifəsində qalır, koalisiyası parlamenti idarə edir, ancaq çoxları onun məğlubiyyətini sonunun başlanğıcı kimi qəbul edəcək”, – o vurğulayıb.

Başqa bir məşhur alman qəzeti “Frankfurter Allgemeine Zeitung”un bələdiyyə seçkiləri haqda məqaləsinin başlığı belədir: “İstanbulda idarəetməni itirdilər”.

Məqalədə deyilir ki, iqtidar partiyası (AKP) xüsusilə də partiyanın rəhbəri və prezident Recep Tayyip Edoğan İstanbul mübarizəsini milli problem kimi qələmə verərək özünə zərər vurdu.

“Çünki İmamoğlunu AKP-dən razı olmayan hər kəsin ümumiləşdirilmiş obrazı kimi qələmə verməyə çalışdılar. İmamoğlu isə karizmatik, səliqəylə geyinən, sülhpərvər ifadələrə danışığında gen-bol yer verən bir siyasətçi kimi, sekulyar və xalqçı bir seçki kampaniyası keçirərək təkcə CHP seçicilərini yox, İstanbulda yaşayan kürdlərin də səsini qazana bildi. AKP kürdlərin İmamoğlunu dəstəkləməsinə əngəl olmaq məsələsində çox gecikdi və axırda da uğursuzluğa düçar oldu”.