Rus jurnalist Qolunovun həbsinə geniş ictimai etirazdan sonra jurnalist azad olunub

Rusiyanın “Meduza” saytının jurnalisti İvan Qolunova qarşı qaldırılmış cinayət işinə xitam verilib. Jurnalist küllü miqdarda narkotik saxlamaq ittihamıyla ev dustaqlığına salınmışdı. Jurnalistə qarşı qaldırılmış cinayət işinin ləğv olunması haqda Rusiya daxili işlər naziri Vladimir Kolokolçev məlumat yayıb. 

O deyib ki, jurnalsit üzərində bioloji, daktiloskopik, kriminalistik və genetik ekspertiza aparılıb və nəticəyə gəlinib ki, Qolunov narkotika istifadəçisi deyil.

Xatırladaq ki, Qolunov rus məmurların korrupsiya əməllərini araşdırırmış.

Rusiyanın “İnterfaks” agentliyinin yaydığı xəbərə görə jurnalist haqda cinayət işinə xitam verildikdən sonra o ev dustaqlığından azad edilib.

Xatırladaq ki, jurnalist İvan Qolunov iyunun 6-da Moskvanın mərkəzində həbs olunub. Polis baxış zamanı onun evində beş paket narkotik maddə sayılan mefedronom tapıb. Nəticədə jurnalist Moskvanın Nukulinski məhkəməsi tərəfindən ev dustaqlığına salınıb və onun haqqında cinayət tədqiqatı başlayıb.

Jurnalistin həbsi rus ictimaiyəti tərəfindən geniş etirazlarla qarşılanıb. Qolunovun həbsinə təkcə öz həmkarları yox, federal telekanalların işçiləri, siyasətçilər və sənət adamları da etiraz edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu haqda prezidentə belə məruzə olunduğunu bildirmişdi

Üç məşhur rus qəzeti “Vedemosti”, “Kommersant” və “RBK” şənbə sayında “Biz İvan Qolunovuq” şüarını manşetə vermişdi. Sonradan həmin qəzetlərə 10-a qədər başqa qəzet də qoşulmuşdu.