Rusiya Azərbaycana yeni döyüş təyyarələri təklif edir

SU-35

Rusiya Azərbaycana istədiyi döyüş təyyarələri satmağa hazır olduğunu bildirib.

Bu barədə ‘Azeri Defence’ saytı xəbər yayıb. Məlumata görə, “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası açıqlama verib.

Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:

“Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.

Təşkilat nümayəndələrinin sözlərinə görə, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.

Su-30SM

“Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34” və “Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib.

Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

Bundan əvvəl Rusiyanın Ermənistandakı aviasiya bazasında mövcud olan “MiQ-29” təyyarələrini “4++”cu nəsil “Su-30SM” tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcəyi bildirilib.

Bu ilin aprel ayında Rusiya mətbuatı hərbi dairələrə istinadən məlumat yayıb ki, Ermənistanın Erebuni aerodromundakı 3624 saylı bazaya ümumilikdə 18 qırıcı göndəriləcək.

2018-ci ilin dekabr ayında isə Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən David Tonoyan bildirib ki, Ermənistan Rusiyadan “Su-30SM” qırıcı təyyarələri alacaq.

Onun sözlərinə görə, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir.

 

SU-34
IL-76MD-90A