Rusiyada saxlanılan jurnalist Fuad Abbasov aclıq aksiyasına başlayıb

Fuad Abbasov

Fuad Abbasov Moskvada saxlandığı yerdə aclıq aksiyasına başladığını elan edib.

Bununla bağlı Fuad Abbasovun yaxınları onun səs yazısını paylaşıb. İyunun 7-də jurnalistin ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxladıyıb. Bundan sonra onun Azərbaycana deportasiya olunacağı bildirilsə də bu baş verməyib.

Fuad Abbasov səs yazısında deyib ki, o, bu gündən aclıq alsiyasına başlayır.

“Çünki mən bu gün Azərbaycan getməli idim, amma aeroporta getdiyimiz yerde yoldan avtomobili döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də açlıq aksiyasına başlayıram”

Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.

F.Abbasov isə bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunmalı idi.

Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vuran zamanı tanıyıb. Həmin vaxt Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu yalanlamışdı.

O zaman Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist F.Abbasov dəvət olunurdu.

F.Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.

Aprelin 12-də azərbaycanlı jurnalistin Moskvada yaşadığı evdə axtarış aparıldıqdan sonra saxlanılıb və həmin birinci instansiya məhkəməsi onun barəsində ölkədən deportasiya olunması haqda qərar qəbul edib.