Ukrayna Mərkəzi Seçki Komitəsi Saakaşvilinin partiyasını qeydiyyata alıb

Ukrayna Mərkəzi Seçki Komitəsi dünən, iyunun 29-u Mixail Saakaşvilinin yeni yaratdığı partiya olan “Yeni qüvvələrin hərakatı” partiyasının Ali Radaya seçkilərə namizədlərini siyahıya alıb.

Bu haqda Ukrayna mətbuatı xəbər yayıb. Məlumata görə, Gürcüstanın keçmiş prezidentinin partiyası Ukraynada keçiriləcək seçkilərdə qeydiyyata düşən sonuncu partiya olub.

Builki parlament seçkilərində Ukraynada 22 partiya qeydiyyatdan keçib.

Ukrayna MSK əvvəlcə Saakaşvilinin partiyasını qeydiyyatdan keçirməkdən imtina etmişdi, ancaq partiya MSK-nın bu qərarından məhkəməyə şikayət etmiş, apellyasiya məhkəməsində qalib olduqdan sonra partiya qeydiyyatdan keçirilmişdi.

Bundan öncə məhkəmə Saakaşvilinin bir ildən çox ölkədən kənarda yaşamasına baxmayaraq seçkilərdə iştirak etmək hüququnu tanımışdı.

Ukraynanın yeni prezidenti Vladimir Zelenski Saakaşvilinin ölkə vətəndaşlığını özünə qaytarmış və Ukraynaya qayıtmağına şərait yaratmışdı.

Ukraynadakı son rəy sorğuları göstərir ki, Saakaşvilinin partiyası elə də populyar deyil, daha çox Zelenskinin “Xalq Xidmətçisi” partiyası və daha 5-6 partiya parlamentdə əsas yerləri tutmağa iddialıdır. Ali Radaya növbədənkənar seçkilər iyul ayının 21-də olacaq.