Uşaqpulunun bərpası üçün sosial şəbəkədə kampaniya başladılıb

Azərbaycanda uşaqlar üçün aylıq müavinətlər 2006-cı ildə ləğv olunub. Bundan sonra uşaqlar doğulanda onlara 90 manat (2019-cu ilin mart ayından 200 manat) miqdarında birdəfəlik müavinət verilib.

Ekspertlərin fikrincə dünya təcrübəsində uşaqların sağlam və təhsilli böyüməsi üçün onlara 18 yaşına qədər, bəzi yerlərdə hətta 23 yaşına qədər dövlət tərəfindən uşaqpulu verilir.

Uşaqpulunun yenidən bərpa edilməsi ilə bağlı bu ilin iyun ayında sosial şəbəkədə #övladımızbizimgeleceyimizdir haştaqı ilə ictimai kampaniya başladılıb.

Kampaniyanın təşəbbüskarlarından biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvü, ictimai-siyasi fəal Nicat Abdullazadə bu barədə Abzas-a danışıb.

Nicat Abdullazadə bu kampaniyanın tələbi olan uşaqpullarının bərpa olunması ilə bağlı çağırışın hələ bu ilin 19 yanvarında keçirilmiş izdihamlı mitinqin tələbləri arasında olduğunu deyib.

Nicat Abdullazadə

Fəal bildirib ki, uşaqpulunun bərpası ilə bağlı hakimiyyətə çağırış heç də siyasi məsələ deyil, ictimai məsələdir.

“Bu gələcəyimiz üçün vacib bir məsələdir. Dünyanın inkişaf etmiş ölkələrində, hətta qonşuluğumuzda olan ölkələrdə belə uşaqların sağlam böyüməsi üçün uşaqpulu verilir, yalnız Azərbaycanda dövlətin uşaqlara bu dəstəyi 2006-cı ildən ləğv edilib”.

İki uşaq atası olan Nicat Abdullazadə bu müavinətlərin verilməsinin uşaqların təməl xərcləri baxımından çox əhəmiyyətli olduğunu deyir:

“Uşaqların qida rasionlarının, sağlamlıq xərclərinin, geyimlərinin, məktəbəqədər hazırlıqlarının, məktəb ləvazimatlarının alınması, dərsdən kənar kurslara getmələri, əyləncələri üçün çox vacibdir. Uşaqların xərclərinin dövlət tərəfindən qarşılanması ilə ailələrin onsuz da ağır olan sosial durumlarının nisbətən yüngülləşə bilər”.