Zakir Həsənov tank mərmisinin yaşayış evinə düşməsini izah edə bilməyib

İyunun 18-də mətbuat konfransında müdafiə naziri Zakir Həsənov bir həftə əvvəl Gəncədə təlim mərmisinin yaşayış evinə düşməsi ilə bağlı verdiyi izahatla ictimaiyyəti təəccübləndirib.

Nazirin sözlərinə görə, mərmi təlim poliqonunda buraxılıb, o, qayaya dəyib və sıçrayaraq 18 km uçub. Nazir atışın hansı növ silahdan həyata keçirildiyini deməyib, amma mütəxəssislər mərmini tank təlim mərmisi kimi dəyərləndiriblər.

Bu cür mərmilərdən birbaşa nişanalma ilə və asan dəlinən təlim hədəflərinə, məsələn, fanerdən olan hədəflərə atəş açmaq üçün istifadə olunur.

T-72 tank mərmisinin uçuş məsafəsi təxminən 9 km-dir. Birbaşa nişanalmada hədəf təxminən 1-3 km məsafədə yerləşə bilərdi. Sıçrama zamanı mərmi kinetik enerjisinin ən az 25%-ni itirir, bu isə o deməkdir ki, qayaya dəydikdən sonra o, maksimum 6 km uça bilərdi.

Amma mərmi evə şaquli şəkildə düşüb, damı və tavanı dəlib (fotoşəklə bax). Bu, mərminin uçma nöqtəsindən yüksəklik bucağı 60 dərəcəyə qədər olduqda baş verə bilərdi. Amma belə dik trayektoriyada mərmi daha çox enerji itirərdi və daha az məsafə qət edərdi.

Bütün bunlar nazirin izahatından şübhələnmək üçün əsas verir və yalnız Gəncədə əslində nə baş verdiyi haqqında suallar doğurur.

Hadisə barədə məlumatı “Turan TV”-nin rəhbəri Qənimət Zahid iyunun 16-da fotolarla yayıb.