Əfsanəvi Yuxu qrupunun yaradıcısı İbrahim Emin vəfat edib

İbrahim Emin

Azərbaycanın əfsanəvi Yuxu rok qrupunun gitaristi İbrahim Emin iyulun 2-də 56 yaşında vəfat edib.

Bu barədə hazırda İstanbulda yaşayan Yuxu qrupunun keçmiş üzvü Namiq Nağdəliyev sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, İbrahim Emin iyulun 2-si səhər saatlarında vəfat edib.

“Çox üzgünük. Bizim üçün böyük itkidir. Bu sözləri yazarkən göz yaşlarımı tuta bilmirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun”, – deyə keçmiş qrup üzvü yazıb.

İbrahim Məhərrəm oğlu Eminov 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. Musiqi bəstəkarı və rok ifaçısı olan Eminov 1986-cı ildə “Yuxu” qrupunu yaradıb.

O, ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı, qrupun bass gitaristi olub. Daha sonra isə qrupa Namiq Nağdəliyev qoşulub.

Qrupun ilk çıxışı 1987-ci ildə Sumqayıt şəhərində – “Kimyaçı” Mədəniyyət Sarayında baş tutub.

1989-cu ildə Yuxu qrupu “Xəzərin sahilində” mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olur. Bir müddət sonra qrup olaraq fransız bir prodüserdən Fransada fəaliyyət göstərmək üçün dəvət alırlar.

Həmin vaxtlar Fransaya birbaşa çıxmaq mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər. Lakin Fransa hökumətindən viza ala bilmədiklərindən ora gedə bilmirlər və Türkiyədə qalıb fəaliyyət göstərməli olurlar.

Türkiyədə fəliyyət göstərməyə başladıqdan sonra qısa müddət ərzində qrup tanınmağa başlayır.

Türkiyədə “Xəzərin sahilində” (1988), “Sumqayıt” (1994), “Ölümə çarə yox” (1998) adlı üç albomları işıq üzü görür.

90-ci illərin axırında Yuxu qrupu dağılır və qrup üzvləri fərqli işlərlə məşğul olmağa başlayır.

Sonradan İbrahim Emin Bakıya geri dönür və 2004-cü ildə Sumqayıtda Sirr qrupunu yaradır. Qrupun 2014-cü ildə “Yoruldum” adlı albomu işıq üzü görüb.