Əliabbas Rüstəmov aclıq aksiyasını davam etdirir

Həbsdə olan hüquqşünas Əliabbas Rüstəmov iyulun 25-dən saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayıb.

Bu barədə jurnalist Şahvələd Çobanoğlu məlumat yayıb. Onun sözlərinə görə, bu haqda ona Rüstəmovun özü zəng vuraraq xəbər verib.

Jurnalistin sözlərinə görə, Rüstəmov öz həbsini qanunsuz adlandıraraq, azadlığa buraxılmayana qədər aclıq aksiyasını davam etdirəcəyini bildirib.

Çobanoğlu əlavə edib ki, avqustun 7-də Ali Məhkəmədə cəzanın 2/3-dən çox hissəsinin keçməsi ilə əlaqədar azad olunması ilə bağlı şikayətə baxılacaq və o, yerli və beynəlxalq hüquq müdafiəçilərindən, ictimayyətdən məsələni diqqətdə saxlamağı xahiş edib. Bu il martın 1-də Bakı Apellyasiya Məhkəməsi Rüstəmovun şikayətini rədd etmişdi və o, Ali Məhkəməyə müraciət edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimayyətlə əlaqəli şöbəsinin rəhbəri Mehman Sadıqov məsələ ilə bağlı Turan-a bildirib ki, aclıq etmək hər məhbusun haqqıdır və o, hər hansı səbəbə görə belə tədbirə əl atırsa, bu barədə rəsmi olaraq saxlandığı müəssisənin rəhbərliyinə müraciət etməlidir.

“Belə olan halda o, digər məhbuslardan təcrid ollunur və onun sağlamlıq vəziyyətinə nəzarət olunur”. Lakin Sadıqov Rüstəmovun aclıq keçirib-keçirməməsi ilə bağlı konkret heç nə deməyib.

Xatırladaq ki, Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əlabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.

Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir. Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.