72 yaşlı Novruz Məmmədova daha bir vəzifə həvalə olundu

Bu gün, iyulun 4-də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fondun açıqlamasına görə, ARDNF-in Müşahidə Şurasının qərarı ilə baş nazir Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda ARDNF-in 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-in 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb.

Müşahidə Şurası tərəfindən ARDNF-in 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun – “PraysvoterhausKupers Audit Azərbaycan” MMC-nin rəyi, 2018-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi, habelə ARDNF-in 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln manat, yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-in 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

Eyni zamanda Müşahidə Şurası tərəfindən Fondun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-in maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Prezidentinə təqdim edilməsi tövsiyə edilib.