Avropa Birliyi Kiprdə neft-qaz axtarışına görə Türkiyəyə sanksiyalar tətbiq edəcək

Avropa Birliyi Türkiyənin Kipr sahillərində təbii qaz və neft axtarışı fəaliyyətinin “beynəlxalq hüquqa zidd olduğuna” görə Türkiyəyə sanksiyalar tətbiq etməyə qərar verib.

İyulun 15-də Brükseldə Xarici Əlaqələr Şurasına üzv ölkələrin birlikdə müzakirələrində görə Türkiyəyə dörd maddədən ibarət sanksiyalar qoymaq qərarına gəlinib.

Avropa Birliyi Xarici İşlər üzrə Nazirləri tətbiq edəcəkləri sanksiyalarla Türkiyənin Kipr yaxınlığında təbii qaz axtarışının qarşısını almağı hədəfləyir.

AB üzvü olan ölkələrin verdiyi qərarda bəyan edilib ki, Türkiyənin çağırışlara baxmayaraq fəaliyyətlərini davam etdirməsindən AB məyus olub.

Türkiyədə çıxan Cumhuriyyət qəzetinin əldə etdiyi məlumata görə AB-nin Türkiyəyə tətbiq edəcəyi və 2020-ci ildən qüvvəyə minəcək sanksiyalar Türkiyəyə maliyyə yardımlarının dayandırılması, iqtisadi və ticari münasibətlərin məhdudlaşdırılması və yüksək səviyyəli siyasi diyaloqun müvəqqəti olaraq dayandırılması kimi tədbirlərlə müşayət olunacaq. Həmçinin, Avropa Birliyi Türkiyə ilə apardığı Hərbi və Mülki Hava Qüvvələri ilə bağlı müzakirləri dayandıracaq, Avropa İnvestisiya Bankının Türkiyəyə veriləcək kredit dəstəyi də yenidən nəzərdən keçiriləcək.

Cumhuriyyət qəzeti həmçinin bildirir ki, Avropa Birliyi Türkiyənin ən mühüm iqtisadi və ticarət ortağıdır. Bu səbəbdən sanksiyalar tətbiq olunarsa Türkiyə iqtisadiyyatının bundan təsirlənəcəyi də gözlənilir.