Azərbaycanın “ömürlük” icra başçıları: Kimlərdi və neçə ildir vəzifədədirlər?

Yuxarıda soldan: Eyvaz Hüseynov, Adil Məmmədov, Novruz Novruzov Aşağıda soldan: Taleh Qaraşov, Eldar Əzizov, Nizami İsmayılov

Azərbaycanda bir vəzifədə uzun illər oturmaq ənənəsi çoxdan yaranıb. Kim nə qədər bacarır yerini möhkəm saxlamağa çalışır. Bunu lap yuxarıdan aşağıya qədər bütün vəzifədə oturanlara aid etmək olar. 

Azərbaycan mətbuatında da uzunömürlü məmurlar haqqında tez-tez yazılar görmək mümkündür.

İcra başçısı vəzifəsində oturanlar da Azərbaycandakı bu ənənəyə maksimum sadıq qalmağa çalışırlar. Elə icra başçıları var ki, onlar bir rayona təyin edilir və uzun illər həmin vəzifədə kök salırlar.

Bu dəfəki mövzumuz Azərbaycanda ən uzun müddət vəzifədən qalan icra başçıları ilə bağlı olacaq.

Müstəqillikdən bəri ölkədə ən çox vəzifədə qalan rayon başçısı Eyvaz Hüseynovdur. O, Elçibəy hakimiyyəti zamanından bəri, nə az, nə çox, düz 27 ildir Xocavənd rayonunun başçısıdır.

E.Hüseynov Azərbaycan Respublikası “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse–prezidentidir.

Sonradan Yeni Azərbaycan Partiyasına qoşulan E.Hüseynov 2 iyul 1992-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Hazırda Qobustan rayonu İcra Hakimiyyətinin başçısı olan Adil Məmmədov 25 ildir vəzifədədir. O, indiyədək bir neçə rayona rəhbərlik edib.

İlk dəfə icra başçısı vəzifəsinə 1994-cü ilin sentyabrında Oğuz Rayonuna təyin olunub. 2002-ci ilədək həmin rayonda başçı olan Məmmədov sonralar Qəbələ (2002-2004) və Biləsuvar (2004-2011) rayonlarının rəhbəri olub. 2011-ci ilin aprelindən isə Qobustan rayonu İcra Hakimiyyətinin başçısıdır.

24 ildən çox icra başçılığı keçmişinə malik olan Novruz Novruzov isə 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayon icra hakimiyyətlərinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Novruzov bununla da indiyədək 4 rayon dəyişmiş olub.

Azərbaycanın ən “uzunömürlü” icra başçılarından biri də hazırda Lənkərana rəhbərlik edən Taleh Qaraşovdur. O, 23 ildir müxtəlif rayonların icra başçısı postlarını tutub.

T.Qaraşov 5 dəfə bu cür təyinat alıb. O, 1996-2002-ci illərdə Kürdəmirə, 2002-2006-cı illərdə Cəlilabada, 2006-2011-ci illərdə Neftçalaya, 2011-2012-ci illərdə Astaraya rəhbərlik edib. 14 aprel 2012-ci ildən isə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.

Hazırda Bakı meri olan Eldar Əzizov 20 ilə yaxındır icra hakimiyyətlərinə başçılıq edir. Əzizov 2000-ci ilin iyun ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəızifəsini yerinə yetirib.

2015-ci ilin sentyabr ayından paytaxtın Səbail rayonuna rəhbərlik edən Eldar Əzizov 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə rəhbər təyin olunub.

“Ən uzunömürlü” icra başçıları sırasında növbəti yeri Nazim İsmayılov tutur. O, hazırda Saatlı rayonu İcra Hakimiyyətinin başçısıdır.

N.İsmayılov 18 illik icra başçısı təcrübəsinə malikdir. O, 2001-2006-cı illərdə Göyçaya, 2006-2011-ci illərdə Şamaxıya, 2011-2019-cu illərdə Sabirabada rəhbərlik edib.

17 may 2019-cu ildə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Nazim İsmayılov indiyədək ümumilikdə 4 rayonun icra başçısı postunu tutub.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olan Malik İsaqov da uzun müddətdir icra başçısıdır. O, 18 ildir eyni rayona “ağalıq” edir.