“Bandotdel”ə yeni rəis təyin olunan BDU müəllimi kimdir?

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov BMCMİ-yə yeni rəis təyin edib.

Nazirin əmri ilə idarənin rəhbər vəzifəsinə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev gətirilib.

Bundan bir neçə gün əvvəl BMCMİ-nin rəisi, general-mayor Seyfulla Əzimov daxili işlər nazirinin birinci müavini postuna təyin edilmişdi.

Əbülfəz Rzayev yerli mətbuata açıqlamasında bildirib ki, belə bir vəzifəyə təyinatı onunçün son dərəcə gözlənilməz olub.

“Belə bir yüksək posta təyinatım gözlənilməz olsa da, sevinclə qarşıladım. Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.

Əbülfət Rzayev kimdir?

Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olub.

1986–1988-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1990–1996-cı illərdə M.F. Axundov adına APRDƏİ-də ali pedaqoji, 1993–1998-ci illərdə isə BDU-nun hüquq fakültəsində ali hüquq təhsili alıb.

Bakı Dövlət Universitetinin saytında olan məlumata görə, Əbülfəz Rzayev 2000-ci ildən BDU-nun hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasına müəllim işləyir.

Yeni təyin olunan rəis polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayıb. Azərbaycanda isə 1995-ci ildən Ordubad ŞPİ-də sahə müvəkkili kimi fəaliyyətə başlayıb.

Ə.Rzayev 1996-2004-cü illər arasında Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili işləyib.

O, 2005-ci ildən 2019-cu ilə qədər isə Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində olub.