Çinin uyğurlarla bağlı siyasətinə bir sıra müsəlman ölkələri dəstək bildiriblər

Uyğurların saxlanıldıqları kütləvi kamplardan biri

Çinin Şərqi Türküstan vilayətindəki düşərgələrdə saxlanılan uyğur türklərini dərhal azadlığa buraxması üçün 22 ölkənin məktubla çağırışına Çin cavab verib.

Bu barədə Reuters agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, Çin hökuməti 40-a yaxın ölkənin Birləşmiş Millətlər Təşkilatına məktub ünvanlayaraq terrorçuluğa qarşı mübarizədə onlara dəstək verdiyini elan edib. Həmin məktubda bu ifadələrə yer verilib:

“Terror və radikalizmlə qarşı-qarşıya qalan Çin, peşə-tədrisi və təlim mərkəzlərininin fəaliyyətə başlaması da daxil Sincan əyalətində bir sıra terrorçuluqla mübarizə tədbirləri görüb”.

BMT-nin İnsan Haqları Komitəsinə xitabən yazılan məktubu 37 ölkə imzalayıb. Həmin ölkələrə bir çox Afrika ölkələri ilə yanaşı Rusiya, Səudiyyə Ərəbistanı, Şimali Koreya, Venesuela, Kuba, Belarusiya, Myanma, Filippin, Suriya, Pakistan, Oman, Küveyt Birləşmiş Ərəb Əmirlikləridə daxildir.

22 ölkə uyğurları sərbəst buraxmağa çağırır

Ötən həftə sonu Avropa ölkələrinin üstünlük təşkil etdiyi 22 ölkə Çin hökumətinə məktubla müraciət edərək Şərqi Türküstandakı düşərgələrdə saxlanılan uyğur türklərinin dərhal azadlığa buraxılmasını tələb etmişdilər.

Məktubu imzalayan ölkələr nəhəng kamplardakı qeyri-qanuni həbslərdən və digər etnik xalqlar daxil xüsusilə uyğurları hədəfləyən kütləvi izləmə, hədələmə və məhdudlaşdırmalardan ciddi narahat olduqlarını bildiriblər.

“Çini qanunlara hörmət etməyə, beynəlxalq öhtəliklərini yerinə yetirməyə, Sican bölgəsində və bütün Çində din və vicdan azadlıqları da daxil insan haqlarına və fundamental azadlıqlara hörmət etməyə çağırırıq”.

Çin hökuməti isə məktubun həqiqətləri əks etdirmədiyini müdafiə edib və yazılanları “böhtan” kimi qiymətləndirib.

Başda ABŞ, AB, “Amnesty International” və insan haqları təşkilatları olmaqla bir çox beynəlxalq təşkilat Çin hökumətindən həmin düşərgələrdəki uyğurları dərhal buraxmasını tələb etsə də, Çin Kommunist Partiyası həmin düşərgələrin peşə tədris mərkəzləri olduğunu iddia edir.

Buna baxmayaraq həmin düşərgələrə aparılanların əksəriyyətindən bir daha xəbər almaq mümkün olmur.