DİN və Baş Prokurorluq: ‘Polis havaya xəbərdarlıq atəşi açarkən güllə vətəndaşa dəyib’

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Goranboyda baş verən hadisə ilə bağlı birgə açıqlama yayıblar.

Açıqlamada deyilir ki, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb.

“Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri – Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb”.

Məlumatda bildirilir ki, bu zaman polis xidməti silahından havaya xəbərdarlıq atəşi açarkən güllə Lətif Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

“Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib”.

Məlumata görə, xəsarət almış polis əməkdaşı və vətəndaş Təbriz Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb və polis, prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşlarının Goranboy rayonuna ezam olunduğu bildirilir.

Açıqlamada deyilir ki, cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

“Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.