‘Gəlirlərinin yarısını ərzaq məhsullarına xərcləmək həyat səviyyəsi aşağı olan ölkələrə xas xüsusiyyətdir’

Nemət Əliyev

“Əhali əldə elədiyi gəlirlərin daha çox hissəsini ərzağa xərcləyir. İqtisadiyyatı, əhalisinin həyat səviyyəsi günü-gündən inkişaf edən ölkələrdə isə tərsinə olur: əhali xərclərinin böyük hissəsi qeyri-ərzaq mallarına xərclənir, az bir hissəsi isə ərzağa yönəlir”.

Bu sözləri Abzas-a açıqlamasında iqtisadçı ekspert Nemət Əliyev bildirib. Ekspert əhalinin gəlirlərinin təxminən yarısını ərzaq məhsullarına xərcləməsinə münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ Azərbaycanda inkişaf etmiş ölkələrdəkindən fərqlidi, tərsinədir: əhali əlinə düşən gəlirin böyük bir hissəsini ərzaq məhsullarına xərcləyir.

“Niyə belə olur? Bu əhalinin həyat səviyyəsi aşağı olan ölkələrə xas olan xüsusiyyətdir. Demək gəlirlər o dərəcədə aşağı olur ki, insanlar əllərinə düşən ilk imkanı qida ehtiyaclarının ödənilməsinə yönəldir. Bir halda ki ölkədə əhali öz xərclərinin böyük hissəsini ərzağa yönəldir, o zaman buradan nə ortaya çıxır: hökumətin əhalinin həyat səviyyəsinin yaxşılaşmasına dair verdiyi açıqlamalar real deyil”.

“Kartof–soğanın da qiymətlərinə yaxın düşüləsi deyil”

Ekspert bildirir ki, əgər son vaxtlar qiymətlərin səviyyəsinə nəzər yetirsək, o zaman  kənd təsərrüfatı məhsullarının qiymətlərində kəskin bahalaşma yaşandığı məlum olacaq.

“Misal üçün, ötən il bu vaxtlar əhalinin xüsusən mövsümlə əlaqədar daha çox istehlak etdiyi pomidorun qiyməti ötən ilin bu vaxtlarında təxminən 30-50 qəpik  arasında dəyişərdi. Amma indi təsəvvür edin: pomidorun bu gün  qiyməti 1 manat, 1 manat 80 qəpik arasında dəyişir. Xiyarın da qiyməti ötən ilə nisbətən xeyli bahalaşıb. Kartof – soğanın da qiymətlərinə yaxın düşüləsi deyil, eləcə də digər məhsulların”.

İqtisadçının sözlərinə görə, bura həm də əhalinin daha çox istifadə etdiyi çörəyin də qiymətini əlavə eləmək lazımdır. Ötən ilin bu dövrləri ilə müqayisədə onun qiymətində 10 faizə qədər bahalaşma var. Çörəkbişirmə sexlərində çalışan insanlarla aparılan söhbətlər, yaxud da çörəyin çəki dəyişimini nəzərə alanda bəlli olur ki, çörəyin qiymətində də kəskin şəkildə bahalaşma var.

Bunu da oxu: Əhali gəlirlərinin təxminən yarısını ərzaq məhsullarına xərcləyir [infoqrafika]

“Dövlət statistika komitəsi açıqlama verdi ki, taxıl yığımı başa çatmaq üzrədir, 92 faizdən çoxu – haradasa 500 tondan artıq taxıl yığılıb artıq. Rəsmi statistikaya görə, 24 faiz üzərində taxıl istehsalı artıb. Bu qiymətlərdə özünü necə göstərir: ötən il taxıl yığımının bu zamanlarında taxılın kiloqram qiyməti haradasa 23-25 qəpik olardı. İndi təsəvvür edin ki, həmin qiymət 38-40 qəpik arasında dəyişir. Buğdanın qiymətində  40-50 faiz arasında bahalaşma qeydə alınıb”.

N.Əliyevin sözlərinə görə, belə olan halda heç şübhəsiz ki, əhali əldə etdiyi gəlirlərin böyük bir hissəsini ərzaq məhsullarının alınmasına yönəldir, bu heç də arzuolunan bir  hal deyil.

Niyə belə vəziyyət yaranıb? 

“Niyə belə vəziyyət yaranıb? Ona görə ki, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Təsəvvür edin, 180 manat alanların sayı 600 000 nəfərin üzərindədir. Bu təxminən hər ay əməkhaqqı alanların 40 faizi qədər deməkdir. 180 manat əməkhaqqı alan adam qiymətlərin hazırkı səviyyəsində necə davranmalıdır? Əlbəttə o ilk növbədə acından ölməmək, qidaya olan ehtiyaclarını ödəmək üçün o vəsaiti xərcləyəcək. Bilirsiniz ki, 180 manatın  qiymətlərin indiki səviyyəsində bir bazarlıq canı yoxdur. Həmin o əməkhaqqı alanların 40 faizinin əldə etdiyi əməkhaqqına bir-iki zənbillik bazarlıq etmək mümkündür”.

Ekspertin sözlərinə görə, Statistika Komitəsinin verdiyi açıqlamalar əksər hallarda özünü doğrultmur, ağ yalan məlumatlar yayırlar. Guya qiymətlərin səviyyəsində 2,5 faiz bahalaşma var. Görün bunlar real həyatdan nə qədər uzaq düşüblər, bu adamların düşüncələri Azərbaycan reallığından çox-çox uzaqdır.

“Əhalinin böyük əksəriyyəti meyvə-tərəvəzə tamarzı qalıblar”

“İnsanlar bazara yaxın düşə bilmirlər, əhalinin böyük əksəriyyəti meyvə-tərəvəzə tamarzı qalıblar, xüsusən də meyvəyə. Əhalinin vəziyyəti həddindən ziyadə ağırdır. Ölkə başçısı elan edir ki, dövlət iqtisadiyyata 250 milyard dollar investisiya yatırıb. Sonra isə bəlli olur ki, bu insanların aldığı əməkhaqqı heç demə, 130 manat imiş. İndiki dövrdə 130 manata dolanmaq mümkündürmü? Hökumət sosial narazılığın artmasından çəkindi və  pensiyaların, əməkhaqqıların  minimal məbləğinə artımlar həyata keçirdi”.

İqtisadçının sözlərinə görə, məhsul bazarında rəsmi statistikanın və dövlət gömrük komitəsinin açıqladığı məlumatlarda göstərilir ki, məhsul bazarında qiymətlər minimum 15 faizdən çox bahalaşıb. Bu iki rəqəmin müqayisəsi onu deməyə əsas verir ki, Azərbaycanda əhalinin həyat səviyyəsi 7-8 faiz civarında pisləşib. Əhalinin həyat səviyyəsi pisləşibsə, o zaman inkişaf nağıllarının bir mənası qalmır.