“Gəncə məhbusu” həbsxanada vəfat edib

Gəncə hadisələri (2018-cu il iyul ayı) ilə bağlı ittiham olunan Aydın Qurbanov bu gün Penitensiar Xidmətin xəstəxanasında vəfat edib. Bu barədə onun xanımı Məhbubə Qurbanova bildirib.

İyulun 8-də A.Qurbanov komaya düşüb. Həkimlər A.Qurbanovun ömrünə az qaldığını bildirsələr də prokurorluq onun azad edilməsilə bağlı ailənin xahişini təmin etməyib.

A.Qurbanov CM-in 228.3-ci maddəsi (mütəşəkkil silahlı qruplaşmanın tərkibində qanunsuz silah dövriyyəsi) ilə həbs edilib. Həbsdən sonra onda onkoloji xəstəlik aşkar edilib.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb.Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.

Martın əvvəlində ümumi sayı 14 nəfərdən ibarət iki qrupun barəsində hökm çıxarılıb. Onlar kütləvi iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zorakılığın tətbiqində ittiham olunaraq 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.