İctimai müzakirələr icra başçısını ‘Mersedes S klass’ almaqdan çəkindirdi

Bazar günü, iyunun 30-da “Respublika” qəzetində Kəlbəcər rayonu İcra Hakimiyyətinin “Mercedes Benz S350” minik avtomobili almasına dair tender elanı dərc edilib.

Turan-ın müxbirinin sosial şəbəkələrdə bu alışa həsr edilmiş yazısı geniş əks-sədaya səbəb olub, nəticədə rayonun İH başçısı Aqil Məmmədov mətbuata bu alışdan imtina etdiyini bildirib.

Baş mühasib, Kəlbəcər rayonu icra hakimiyyətinin tender komissiyasının üzvü Kazım Zamanov Turana bildirib ki, yeni avtomobilin alınması üçün dövlət büdcəsindən icra hakimiyyətinə 55 min manat ayrılıb, ona görə də plana yeni deyil, istifadə edilmiş avtomobilin alınması daxil idi.

“İH başçısının hazırkı “Toyota Avolon” avtomobili 2008-ci ildə 36 min manata alınıb və artıq köhnəlib. Planlaşdırılan avtomobilin markasına gəldikdə (“Mercedes Benz S350″), dayanıqlılıq göstəricilərinə görə seçilib”, – deyə K.Zamanov qeyd edib.

Turan qeyd edir ki, tenderin elanı qanunsuz olub, çünki vahid elektron alqı-satqı reyestrində yerləşdirilməyib.

Kəlbəcər rayonu İH-nin nümayəndəsi bildirib ki, tender elanını bu gün, iyulun 1-dən vahid elektron alqı-satqı reyestrində yerləşdirmək planlaşdırılırdı, ancaq güman ki, alış planı dəyişəcək.

“Mercedes Benz S350” avtomobilinin qiyməti gömrük sənədləşdirilməsi nəzərə alınmadan 131.000-197. 000 dollar təşkil edir.

Kəlbəcər rayonu 1992-ci ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kəlbəcər rayonun İH-i Gəncə şəhərində yerləşir. İH-nin istifadəsində 4 xidməti minik avtomobili var.