İranda 17 nəfər ABŞ ilə əməkdaşlığa görə həbs olunub

İranın İnformasiya və Milli Təhlükəsizlik Nazirliyi ABŞ xeyrinə casusluq edən 17 nəfəri həbs etdiyini bildirib.

Bu haqda İranın “Tasnim” xəbər agentliyi bildirib. Bəyanatda deyilir ki, həbs olunan adamlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləyiblər.

“Müəyyənləşdirilmiş agentlər iqtisadiyyatda, nüvə sənayesində və infrastrukturdakı özəl sektorların həssas sahələrində çalışırdılar və məxfi məlumatları toplayırdılar”.

Məlumata görə, sözü gedən şübhəlilər 2019-cu ilin martında həbs ediliblər.

Nazirliyin açıqlamasında adlar çəkilmir, ancaq İranın dövlət mediası İrandakı casuslarla əlaqədə olduqları iddia edilən “MKİ zabitlərinin” fotolarını dərc edib.

Dövlət qurumunun bəyanatında deyilir ki, həbs olunanların bəzilərini ölüm cəzası gözləyir.

Bundan az öncə isə İran höküməti Müdafiə Nazirliyinin əməkdaşını edam etdiyini bildirmişdi. Cəlal Hacı Zavər adlı şəxs də Mərkəzi Kəşfiyyat İdarəsiylə əməkdaşlıqda günahlandırılırdı.

ABŞ dövlət katibi Mayk Pompeo isə iyulun 22-də televiziya ilə çıxşında İranın iddialarını rədd edib və bildirib ki, “bu rejimin uzun bir yalançılıq tarixçəsi” var.

ABŞ prezidenti Donald Tramp da İranın açıqlamasına sosial şəbəkədə münasibət bildirib və iddiaları qətiyyətlə rədd edib.

“MKİ casuslarının yaxalanması barədə İranın verdiyi məlumat saxtadır. Sıfır həqiqətdir. Çox Pis İflasa Uğrayan və nə edəcəyini bilməyən Dini Rejimin uydurduğu yalan və təbliğatdır (onların dron vurması kimi)”.