Jurnalist Anar Məmmədov yenə polisə çağırılıb

Bloklanmı criminal.iaz saytının redaltoru Anar Məmmədov.

“Criminal.az” saytının redaktoru Anar Məmmədov iyulun 3-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Onunla idarənin rəisi Mirqafar Seyidov və Cinayət-Axtarış İdarəsinin və paytaxt qarnizonun rəisləri söhbət ediblər.

Polisə çağırılmasına səbəb saytda dərc edilən iki yazı olub. Yazılardan biri Qarabağ Hərəkatının sədri Vasif Qurbanzadənin evində baş vermiş oğurluğun üstünün açılmamasıyla əlaqədar DİN rəhbəri Vilayət Eyvazova açıq məktubudur. Digər məqalədə qarətdə şübhəli bilinən şəxsin tutulub, bir gün sonra azadlığa buraxılmasından danışılıb.

A.Məmmədov qeyd edib ki, ona qarşı nəzakətlə davranıblar, hətta iradlarını mədəni şəkildə bildiriblər: “Düzdür, iddia etdilər ki, bu yazılarla polisə qarşı haqsızlıq edirəm, qərəzli davranıram. Amma heç bir kobudluq olmadı”, – A.Məmmədov deyib.

Qeyd edək ki, hazırda A.Məmmədov şərti həbs cəzası çəkir. O, bu ilin martında dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla 5,5 il azadlıqan məhrum edilib.

Onun cinayət məsuliyyətinə cəlb edilməsinə “Criminal.az” saytında Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsd barədə yazıların dərci səbəb olub.

Bir sıra beynəlxalq jurnalist təşkilatları, habelə ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Deyir A.Məmmədovun barəsində hökmü pisləyiblər.