Jurnalistlər DİN və Mətbuat Şurası qarşısında etiraz aksiyası keçiriblər [video]

Bu gün iyulun 22-də, Milli Mətbuat Günündə bir qrup videoreportyor Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Jurnalistlər DİN qarşısına gəlib ağ vərəqlər qaldırıblar. Elə həmin an mülki geyimli şəxslər və polislər onların vərəqlərini əllərindən alıb, özlərini də ərazidən uzaqlaşdırıblar.

Reportyorlar müxtəlif aksiyalar zamanı və ya vətəndaşlardan müsahibələr alarkən polis müdaxiləsinə məruz qaldıqlarını bildiriblər. Onlar belə hallara son qoyulmasını istəyiblər.

Aksiya insidentsiz başa çatıb, saxlanan olmayıb.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

DİN qarşısındakı aksiyadan sonra jurnalistlər Mətbuat Şurasına gedib qurumun qarşısında aksiya keçiriblər. 

Jurnalistlər ölkədə mətbuat nümayəndələrinin, reportyorların hüquqlarının tez-tez pozulduğunu bildiriblər. Onlar Mətbuat Şurasını, onun sədri deputat Əflatun Amaşovu tənqid ediblər ki, müstəqil jurnalistlərə təzyiqlərlə bağlı heç bir iş görmür, onların problemləri ilə maraqlanmır.

Aksiya zamanı baş nazirin keçmiş müavini Abid Şərifov ərazidən keçib. Jurnalistlər ona yaxınlaşıb ölkədə mətbuatın vəziyyəti ilə bağlı münasibət almaq istəyəndə o açıqlama verməyib.

Bu zaman jurnalist Nurlan Libre onun maşınının qarşısını kəsib, maşının qabaq hissəsində üstündə oturub. Sonra A.Şərifovun sürücüsü maşını arxaya verib, sürüb ərazidən uzaqlaşıb.

Bu vaxtdan sonra Mətbuat Şurasının əməkdaşı jurnalistlərin yanına gəlib onlarla söhbət edib, problemlərin olmadığını, MŞ-in həmişə jurnalistlərin yanında olduğunu bildirib.

Jurnalistlərlə MŞ nümayəndəsi danışan zaman əraziyə mülki geyimli şəxslər və polislər gəlib. Nurlan Libreni saxlayıb, maşınla 16-ci polis bölməsinə aparacaqlarını bildiriblər.

Bu gün, iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi Bakıda “Əkinçi” qəzetini nəşr etdirib. Həmin gün milli mətbuatın əsasının qoyulduğu bildirilir.