Mehman Hüseynov nüfuzlu konqresmenlə siyasi məhbus məsələsini müzakirə edib

Kris Smit və Mehman Hüseynov

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri, jurnalist Mehman Hüseynov ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında iştirak edib.

Bu barədə Abzas-a Mehman Hüseynov açıqlama verib. Onun sözlərinə görə, tədbir çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri, xarici diplomatlarla görüşüb.

Jurnalist bildibir ki, səfər çərçivəsində amerikalı konqresmen Kris Smitlə də görüşüb və həbsdə olduğu müddətdə onun məsələsini diqqətdə saxladığına, dəstək verdiyinə görə təşəkkürünü bildirib.

Hüseynov K.Smitlə görüşündə Azərbaycandakı siyasi məhbus məsələsini müzakirə etdiklərini deyib.

“Konqresmenlə görüşümdə bildirdim ki, Azərbaycan prezidentinin əfv sərəncamına baxmayaraq ölkədə siyasi məhbus problemi tam həll olunmayıb və bir sıra jurnalistlər və ictimai fəallar – Əfqan Muxtarlı, Seymur Həzi, Fuad Əhmədov, Aqil Məhərrəmov, Babək Həsənov və digər fəallar hələ də həbsdədirlər. Həmçinin ölkədə azadlıqların vəziyyətinin hələ də ağır olduğunu vurğuladıb”.

Mehman Hüseynov deyir ki, Kris Smitdən Azərbaycanda mətbuatın çətin durumuna, məhv olmuş vətəndaş cəmiyyətinə, hələ də haqsız olaraq həbsdə qalan siyasi məhbus probleminə daha çox vaxt ayırmağı xahiş edib.

Konqresmenin yaxınlarda Azərbaycana səfəri gözlənilir

Mehman Hüseynov, Georgi Tseretelli və Kris Smit (soldan sağa)

“Yaxınlarda nüfuzlu konqresmenin ölkəmizə səfəri gözlənilir. Ondan xahiş etdim ki, Azərbaycan hökuməti ilə danışıqlarda xüsusilə siyasi məhbusların azadlığa buraxılması, vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı məsələləri müzakirəyə çıxarsın”.

Mehman Hüseynov açıqlamasında bildirib ki, o həmçinin, ATƏT Parlament Asambleyasının prezidenti, 14 saylı cəzaçəkmə müəssisəsində olarkən yanına gəlib problemlərilə maraqlanan Georgi Tseretelli ilə də görüşüb.

“ATƏT PA prezidentinə də dəstəyinə görə öz təşəkkürümü bildirdim və Azərbaycandakı siyasi məhbuslar, vətəndaş cəmiyyətinin durumu ilə bağlı müzakirələr apardıq”.

Jurnalist bildirib ki, iyulun 7-də Lüksenburqda keçirilən ATƏT PA-nın 28-ci sessiyası çərçivəsində rəhbərlik etdiyi təşkilat “Azərbaycan jurnalistlərin təhlükəsizliyi” mövzusunda konfrans keçirəcək. Tədbirdə beynəlxalq təşkilatların və diplomatların iştirakı gözlənilir.