Milli Məclis tətilə çıxdı: Deputatlar 5000 manata qədər istirahət pulu alacaqlar

Milli Məclisin iyulun 12-də keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclası başa çatıb. 

Sessiyada verilən məlumata görə, deputatlar iyulun 15-dən tətilə çıxırlar, avqustun 30-da isə istirahətdən qayıdacaqlar. İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Parlament qanuna əsasən istirahətdə olduqları dövr üçün də əlavə müavinət alacaqlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Milli Məclisin sədri 4500, komitə sədrləri 3600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alırlar.

Parlament üzvlərinin vəzifə maaşları isə belədir: spiker 2475 manat, sədrin I müavini 2227 manat, sədr müavinləri 2103, komitə sədrləri 1980 manat, komitə sədrlərinin müavinləri 1 856, sıravi deputat 1732 manat.

İclasda 28 məsələnin müzakirə edildiyi bildirilir. Bu barədə “Report” xəbər yayıb. Əksəriyyəti 2-ci və 3-cü oxunuşda müzakirə olunduğu qanun layihələrinin ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.

Parlamentdən verilən məlumata görə, toplantının gündəliyinə 28 məsələ daxil edilib. Bunlar “Əmək pensiyaları haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” və s. qanunlar, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlıdır.

Ötən iclasda parlament təxminən 1 saata 35 məsələ ilə bağlı qərar verib. 

Milli Məclisin qısa vaxtda bu qədər məsələni müzakirəyə çıxarması sosial mediada tənqidlə qarşılanıb.

Parlamentin yaz sessiyası fevralın 1-də başlayıb, mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas olub.