‘Milliyyətçi gənclər’ İran səfirliyinin qarşısında aksiya keçirib

Ötən gün İranın Bakıdakı səfirliyinin qarşısında bu ölkədə repressiyalara məruz qalan insan hüquqları müdafiəçisi, etnik azərbaycanlı Abbas Lisani və digər fəalların hüquqlarını müdafiə məqsədilə aksiya keçirilib.

Aksiya Milliyyətçi Gənclər Təşkilatı tərəfindən təşkil edilib. Aksiyada “Soydaşlarımıza azadlıq!”, “Cənubi Azərbaycan İran deyil!”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” və digər şüarlar səsləndirilib.

Aksiya iştirakçıları piketin qətnaməsini oxuyublar.

Qətnamədə qeyd olunur ki, son vaxtlar İran hökuməti bu ölkədə yaşayan etnik azərbaycanlıların mili-mədəni hüquqlarını müdafiə edən şəxslərə qarşı təzyiqləri artırıb.

Milli fəallar Abbas Lisani 8, Kazım Səfabəxş 13 il azadlıqdan məhrum edilib.

Bundan əlavə, Siyamək Mirzayinin 3 illik cəza müddəti başa çatsa da azadlığa buraxılmayıb.

Həmid Allahverdi 7, Səhənd Məali 10 ay müddətinə həbs edlib. “Yol-Press” media orqanı, “Açıq Yol” dərgisi bağlanıb”, qətnamədə deyilir.

Lakin səfirlikdən heç kim etirazçıların qarşısına çıxmayıb və qətnaməni qəbul etməyib.