Mühacir alverçilərinə inanıb həyatınızı məhv etməyin – Elmir Mirzəyev

Elmir Mirzəyev

Dünən Deggendorf şəhərciyindəki qaçqın kampından qara xəbər gəldi – 40 yaşlı Humay Məmmədova 9 yaşlı qızını dünyada tək qoyub dərman içməklə özünə qəsd etdi…

Sona qədər inanmaq istəmirdim, yalnız oradakı bir qrup azərbaycanlının keçirdiyi etiraz aksiyasının videosunu gördükdən sonra anladım ki, reallıqdır bu. Bu acı gerçəkləri niyə yaşadıq, gənc və həyatının zenitində olan qadın niyə özünə qəsd etsin ki? Təəssüflər, indiyə kimi minlərlə insanımız Avropanın kamplarında əzablı günlərini keçirərək gözləməkdədirlər, lakin bunun heç bir mənası olmayacaq – həqiqət nə qədər acı olsa da onu bilmək gərəkdir.

Avropa ölkələrində status almaq üçün insanlar gəldikləri ölkədə siyasi, dini, gender və ya irqi mənşədə təqiblərə və təhdidlərə məruz qaldıqlarını bəyan və sübut etməlidirlər. Bəzi çox nadir hallarda, ağır xəstəliklərlə bağlı humanitar status da verilir. Hamilə qadınlara da uşağın doğulması və bir yaşına çatması üçün müvəqqəti status verilməkdədir.

Bizim qaçqınların isə əksəriyyəti (deyərdim ki, 99,99%) iqtisadi köçkünlərdir, almanlar da bunu bilir. Öncələr (2014-cü ilə kimi) bu çox böyük problem deyildi, bir qədər diqqətlə baxıb normal insan olduğunu, gələcəkdə hansısa formada işləyəcəyini gördükdə bütövlükdə pozitiv qərar verilirdi. Bu tək bizimkilərə yox, demək olar ki, bütün postsovet camaatına münasibətdə belə idi.

Suriyadakı krizisdən və müstəsna böyük insan kütlələrinin Avropaya axınından sonra vəziyyət köklü dəyişdi. Suriya darmadağın edilib, oradakı insanların həqiqətən getməyə-qalmağa fiziki mənada yeri yoxdur, heç bir ərəb ölkəsi onlara sahib durmadı, Bundan başqa “ərəb baharının” nəticəsində Afrikanın ərəb ölkərindən də çoxlu qaçqınlar peyda oldu, xüsusən Liviya və başqaları, onların üstünə Türkiyənin gülən camaatını da əlavə etmək olar.

Regional supergüc Türkiyə 3 milyondan çox insanı qəbul etdi, amma o da rezindən deyil ki, bu məsələni köklü həll edəydi. Beləcə qaçqınlar Avropaya yönəldilər və nəhayətdə Almaniyaya 2 milyona yaxın insan daxil oldu. Bundan sonra iqtisadiyyatının mühacirlərə ehtiyacı olan ölkədə vəziyyət köklü dəyişdi, uzun bir dövr üçün spesifik kadrlardan, müstəsna səviyyəli mütəxəssislərdən başqa hamıya (yuxarıda sadalanan əsasları olmayanlara) kütləvi rədd cavabı gəlməyə başladı ki, bu da artıq çox uzun sürə davam edəcək.

Məsələ tək bizimkilərdə deyil, başqa postsovet ölkələrindən olanlara da münasibət eynidir. Gürcülərə (viza liberallaşmasından sonra) və ermənilərə (keçən ilki “məxməri inqilabdan” sonra) ümumiyyətlə heç bir status verilmir, çeçenlərə isə 1994-96-cı illərdəki ilk müharibələri zamanı olan simpatiyadan əsər-əlamət də qalmayıb, hamısına kütləvi rədd cavabı verilir. Səbəbi yəqin ki, hamıya məlumdur. Orta Asiyadan və hətta Əfqanıstandan (!) olan qaçqınlara da ümumilikdə çox böyük dərəcədə rədd cavabl verilir.

Əziz həmvətənlər, bilirəm ki, bunları yazmaqda heç bir məna yoxdur, onsuz da kimsə diqqət edən deyil və əlbəttə ki, mühacir alverçilərinin şirin yalanlarını üstün tutacaqsınız, amma yenə də deyim – onlara inanıb həyatınızı məhv etməyin. Mühacirət çox dəhşətli işdir, o kamplarda qalmaq düşmənə də qismət olmasın, başqa ölkəyə oxumağa, işləməyə, biznes qurmaq üçün, ailə qurulması ilə, biz çox səbəblərlə getmək olar. Əgər qaçqın kimi gəlməkdə israrlısınızsa, o zaman siyasi, dini, gender və ya irqi mənşədə təqiblərə və təhdidlərə məruz qaldığınız haqda əlinizdədə həqiqi sənədlər və sübutlar olmalıdır, bundan başqa gedəcəyiniz ölkənin dilini öncədən öyrənin, ən azı ingiliscə səlis danışmağı bacarmaq gərəkdir, yoxsa bu rəzalət davam edəcək…

Elmir Mirzəyev