Musavatçı siyasi məhbus beş gündür aclıq aksiyası keçirir

Müsavatçı fəal Azad Həsənov artıq beş gündür ki, həbsxanada aclıq edir. Müsavat başqanı Arif Hacılı bildirib ki, Azad Həsənov fiziki baxımdan bir qədər zəifləsə də əhvalı yaxşıdır. Arif Hacılıbu barədə özünün “facebook” səhifəsində yazıb.

“Syasi məhbus, müsavatçı Azad Həsənov 5-ci gündür ki, aclıq aksiyasını davam etdirir. Bu gün Kürdəxanı həbsxanasında Azad Həsənovla görüşən vəkili Osman Kazımov xəbəri təsdiqləyib. Azad Həsənov fiziki baxımdan bir qədər zəyifləsə də əhvalı yaxşıdır. Aclıq aksiyasını sonadək davam etdirmək əzmindədir.”,- Arif Hacılı bildirib.

“Azad Həsənov qondarma ittihamlarla həbs olunmasına və məhkəmə prosesinin süni surətdə uzadılmasına qarşı 5 gün əvvəl məhkəmə zalında aclıq aksiyasına başladığını elan edib.
Azad Həsənova azadlıq!”,-Arif Hacılı əlavə edib.

Qeyd edək ki, Azad Həsənovun məhkəməsi dördüncü dəfə təxirə salınıb.

İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi yenidən iyulun 22-dək təxirə salınıb.

Hakim bildirib ki, məhkəmənin təxirə salınmasına səbəb Bakı şəhər Baş Polis İdarəsinin məhkəmənin sorğusuna hələ cavab verməməsidir.

Vəkil Osman Kazımov məhkəməyə etirazını bildirərək deyib ki, 6 şahidin dindirilməsinə və 2 vəsatətə görə müxalifət fəalının məhkəməsi artıq 180 gündür davam etdirilir. O, polis idarəsinin məhkəmənin sorğusuna məhəl qoymadığını deyib.

Səbəbsiz olaraq məhkəmənin uzadılmasına etiraz edən Azad Həsənov elə məhkəmə zalında aclıq aksiyasına başladığını elan edib.