Putin yanan gəminin nüvə enerjisi ilə işlədiyini təsdiqləyib

Rusiyanın “Kommersant” qəzeti heyətə yaxın mənbələrə istinadla yazır ki, istintaq yanğına səbəb kimi qısa qapanmanı nəzərdən keçirir.

Rusiya Prezidenti Vladimir Putin bu həftənin əvvəlində yanğın baş vermiş sualtı gəminin nüvə enerjisilə işlədiyini açıqlayıb. Müdafiə nazirinin prezidenti gəminin reaktorunun mühafizə olunmasına əmin etdiyi bildirilir.

Azadlıq Radiosunun məlumatına görə, yanğın zamanı 14 dənizçi həlak olub.

Kremlin iyulun 4-də yaydığı məlumata görə, Putin İtaliyaya yola düşməzdən öncə məsələni Müdafiə naziri Sergei Shoigu ilə müzakirə edib.

İnsidentdən üç gün sonra Kremldə keçirilən toplantıda Putin ilk dəfə deyib ki, gəmi nüvə enerjisilə işləyib və Shoigu-dan onun vəziyyətini soruşub.

Severomorskda sualtı gəmi

“Gəminin nüvə reaktoru tamamilə təcrid olunub. Heyət reaktorun qorunması üçün gərəkən bütün addımları atıb və hazırda o, tamamilə işlək vəziyyətdədir”, – Shoigu Putinə deyib. Kreml görüşün transkriptini yayıb.

Shoigu yanğının gəminin akkumulyator bölməsindən başlandığını deyib, ancaq yanğının səbəbini açıqlamayıb.

Müdafiə Nazirliyi insidentin iyulun 1-də baş verdiyini deyir. Bu haqda rəsmi məlumat isə bir gün sonra yayılıb.

İyulun 3-də Severomorsk şəhərində danışan Shoigu bəzi heyət üzvlərinin və bir mülki şəxsin qəzadan salamat çıxdığını söyləyib.

Müdafiə Nazirliyi gəminin növünü açıqlamasa da, Rusiya mediası onun böyük dərinliklərdə həssas missiyalar gerçəkləşdirən AS-12 nüvə enerjili tədqiqat sualtı gəmisi olduğunu, Losharik adıyla 2000-ci ildə suya buraxıldığını yazıb.