Qazaxıstan latın qrafikasına keçmək üçün yarım milyard avro, yeddi il vaxt sərf edəcək

Qazaxıstan hökuməti ölkənin modernləşməsi məqsədiylə yaxın yeddi ildə kiril əlifbasından latın əlifbasına keçməyi planlaşdırır.

Bu barədə ‘Fargananews’ portalı reportaj hazırlayıb. Məlumata görə, ölkənin latın qrafikinə keçməsi ilə bağlı artıq bir neçə müddətdir siyasi iradə qoyulsa da, qazaxların heç də hamısı buna ümidlə baxmır.

Reportajda deyilir ki, artıq 20 ildən çoxdur ki, qazax məktəbliləri əlifba haqda mahnılar oxuyur, əlifbanı təbliğ edir. Amma bu əlifba latın əlifbası deyil, kiril əlifbasıdır.

Alma-Ata şəhərindən çox da uzaq olmayan Kaynazar kəndində qazax dili dərsi keçən uşaqları tezliklə öyrəndikləri yazı qaydalarından imtina etmək gözləyir. Çünki hökümət artıq illərdir gözlənilən əlifba islahatını etməyə başlayıb.

2017-ci ildə ölkənin o vaxtkı prezidenti Nursultan Nazarbayev ilk dəfə olaraq ölkədə yazı dilinin kiril əlifbasından latın əlifbasına keçməsi ilə bağlı fərman imzalayıb.

Bundan əvvəl on illərlə qazax ictimaiyyəti bu məsələni müzakirə etmişdi. Nazarbayevin fərmanına görə 2025-ə qədər ölkədə bütün yazılar – küçə işarələrindən tutmuş, məktəbli və bədii kitablara qədər hər şey latın hərfləri ilə yazılmalıdır.

Yeni qazax əlifbasında 32 hərf və səs olacaq. Bu hərflərin 8-i ancaq qazax dilində qarşılığı olan səslərin ifadəsidir.

Qazaxıstanın yeni prezidenti Qasım-Comərd Tokayev latın əlifbasına keçidi “mənəvi müasirləşmənin” mühüm mərhələsi adlandırıb. O qeyd edib ki, ölkədə dərc olunan informasiyanın 90 faizinin latın əlifbasında olması üçün çalışırlar.

Qazaxıstanın dövlət KİV-lərinin xəbərinə görə layın əlifbasına keçmək üçün qarşılaşılacaq xərclərə dövlət 218 milyar tenge yaxud 505 milyon avro pul xərcləməlidir.

Qazaxıstanda hal-hazırkı əlifba dəyişimi son 100 ildə artıq 3-cü dəfədir. Bu ölkədə ilk dəfə 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına keçid olub, SSRİ o zamanlar Qazaxıstanda dünyəvi sistemin qurulması üçün buna icazə verib.

1940-cı ildə Qazaxıstan kiril əlifbasına keçib. Bununla belə Qazaxıstanın qanunlarına görə milli azlıqlar öz dilində təhsil almaq hüququna malikdir. Bu qanun ölkədə ən böyük etnik azlıq olan rusların kiril əlifbası ilə təhsilinin geniş yayılmasına səbəb olub.

İndi isə hakimiyyət ruslaşmadan qurtulmaq və vahid təhsil sistemi yaratmaq yolunda ilk addımlarını atıb.