Rüşvət almaqda ittiham olunan gömrük polkovniki işdən qovulub

Dövlər Gömrük Komitəsinin (DGK) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində gömrük polkovniki rüşvət almaqda ittiham edilərək işdən azad olunub. 

Bu barədə komitə rəsmi açıqlama yayıb. Məlumata görə, DGK tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində bir gömrük əməkdaşının qanunsuz əməli ifşa olunub.

Mətbuat xidmətindən bildirilib ki, Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun qeyri-qanuni əməlləri müəyyən olunub.

Məlumata görə, gömrük polkovnik-leytenantı “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb edib.

Komitə bildirir ki, Namiq Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb, lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində onun əməli ifşa edilib.

Məlumata görə, komitə sədrinin əmri ilə böyük inspektor, gömrük xidməti polkovnik-leytenantı tutduğu vəzifədən azad olunub.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.