Şəhriyar Məmmədyarov “Grand Prix 2019”un qalibi olub

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları başa çatıb.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla münasibətlərinə aydınlıq gətirib.

İlk oyunda ağ fiqurlarla qələbə qazanıb, ikinci görüşdə “qara”lara uduzan “Şah” rəqibini tay-breklərdə keçməyə çalışıb.

Amma dörd oyunun hamısı heç-heçə başa çatıb, ardınca blitsdə də status-kvo pozulmayınca, ümid sonuncu vasitəyə – “armagedon”a qalıb.

Qara fiqurlarla çıxış edən Ş.Məmmədyarov 64-cü gedişdə qələbəsini rəsmiləşdirərək, ümumi hesabda 5:4 hesabı ilə qalib gəlib və “Grand Prix 2019”un çempionu olub.

16 şahmatçının qatıldığı “Qran-Pri” turniri pley-off sistemi ilə keçirilirib.

Ümumilikdə dörd seriyadan ibarət olacaq super-turnirin Moskvada keçirilmiş ilk seriyasında rusiyalı Yan Nepomnyaşi qələbə qazanmışdı.

Finala çıxan hər iki şahmatçı 2020-ci ildə “Şahmat tacı” uğrunda iddiaçılar turnirində oynamağa haqq qazanıb. Həmin turnirin qalibi isə gələn ilin payızında norveçli dünya çempionu Maqnus Karlsenlə titul matçına çıxacaq.

Əvvəlki məqaləUkrayna Qara Dənizdə rus gəmisini girov götürüb
Növbəti məqalədəGürcüstan yeni texnologiyaların inkişafına görə Azərbaycandan 36 pillə irəlidədir