“Üçüncü Maydan”: Ukrayna və Zelenski üçün tarixi şans – Şahin Cəfərli

Şahin Cəfərli

Ukraynada keçirilən sonuncu prezident və parlament seçkilərinin nəticələrini “Üçüncü Maydan” kimi qiymətləndirmək olar.

Birinci Maydan seçki saxtakarlığına, ikinci Maydan avrointeqrasiyadan imtina edərək Ukraynanı yenidən Rusiyanın orbitinə qaytarmaq istəyən hakimiyyətə qarşı idi. Bu dəfə dəyişiklik kütləvi xalq etirazları olmadan gerçəkləşdi. Bunu “Üçüncü Maydan” adlandırmağımızın səbəbi sistemin xaricindən gələn, 2019-cu il seçkilərinə qədər ümumiyyətlə, siyasi fəaliyyəti olmamış bir qrupun çox qısa müddətdə təşkilatlanıb, əvəlcə icra, sonra isə qanunverici hakimiyyəti tamamilə öz nəzarətinə götürməyə nail olmasıdır. Bu, seçki yolu ilə həyata keçirilən xalq inqilabıdır. İlk dəfədir ki, “pencəyimi qoysam seçilər” özgüvəninə sahib bir çox adlı-sanlı siyasətçi, ötən müddətdə yüksək vəzifələr tutmuş məşhur simalar, regionlarda ağalıq edən və hər kəsi pulla satın alan iş adamları deputat seçilə bilmədilər. Onların böyük əksəriyyəti prezident partiyasının heç kimin tanımadığı gənc namizədlərinə uduzdular. Əhali sırf Zelenskini təmsil etdikləri üçün bu namizədlərə, daha doğrusu, brendə (“Sluqa naroda”) səs verdilər, özü də paytaxt Kiyevdən tutmuş, ölkənin şərqinə və qərbinə qədər… Mənzərə aydın olsun deyə 2 ibrətamiz faktı qeyd edək. Ukraynanın ən zəngin iş adamlarından biri, adı “Forbes”un milyarderlər siyahısında olan, 1998-ci ildən bu yana davamlı Ali Radaya seçilən Konstantin Jevaqo 150 saylı Poltava seçki dairəsində “Xalqın xidmətçisi”nin 25 yaşlı namizədi Aleksey Movçana məğlub oldu. A.Movçan “Prozorro” elektron tender sisteminin meneceridir. Məşhur “Motor Siç” zavodunun rəhbəri, 81 yaşlı Vyaçeslav Boquslayev isə özünün doğma Zaporojye vilayəti üzrə 77 saylı seçki dairəsində 29 yaşlı Sergey Ştepaya uduzdu. V.Boquslayev ardıcıl 4 parlament seçkilərində bu dairədə rahat qələbə qazanmışdı, lakin bu dəfə ilk baxışdan zəif və gücsüz görünən alternativi qarşısında fiaskoya uğradı. S.Ştepa ixtisasca jurnalistdir və nikah mərasimlərində fotoqraflıq edirdi. Belə nümunələr bütün ölkə boyu var və xalqın dəyişikliyə nə qədər susadığını, “köhnə qvardiya”dan nə qədər bezikdiyini göstərir.

Zelenskinin partiyasının bu seçkilərə çox iddialı hazırlanmış və açıq-aşkar Rusiyanın maraqlarına xidmət edən “Müxalifətçi Platforma – Həyat Uğrunda” Partiyasını əksər şərq vilayətlərində məğlubiyyətə uğratması isə Ukraynanın gələcəyi baxımından çox qiymətli nəticədir. Deqradasiyaya uğramış və hörmətdən düşmüş ənənəvi qərbyönlü qüvvələr (Poroşenko və Timoşenkonun sistem partiyaları) təhlükənin qarşısını alacaq gücdə deyildilər, bu baxımdan “Zelenski fırtınası” Moskva üçün də gözlənilməz oldu.

Gənc prezident çətin və tarixi sınaq qarşısında…

2004-cü ildə baş vermiş “Narıncı inqilab” nəticəsində prezident seçilən Viktor Yuşşenko əvvəl Milli Bankın sədri və baş nazir vəzifələrində çalışmışdı, 2014-cü il Avromaydan inqilabından sonra prezident olan Pyotr Poroşenko isə iqtisadi inkişaf-ticarət və xarici işlər naziri vəzifələrini tutmuşdu. Yəni hər ikisi (və onların komandaları) sistemin içindən çıxmışdı, üstəlik Poroşenko Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyin ilk illərində dövlət əmlakının qeyri-şəffaf özəlləşdirilməsi prosesində zənginləşən və oliqarxa çevrilən şəxslərdən idi. Sistemin yetirmələri olan bu adamlar total şəkildə korrupsiyalaşmış sistemi və oliqarxik düzəni dəyişə bilmədilər, bəlkə də heç dəyişmək istəmədilər. (İstisna kimi Poroşenkonun Qərbin təzyiqi ilə bəzi islahatlara getməsini qeyd etmək olar.) Hazırkı prezident Zelenski və onun komandasının nüvəsini təşkil edən şəxslər oliqarxatın məşhur təmsilçilərindən biri olan İqor Kolomoyski ilə yaxınlıqlarına baxmayaraq, sistemin adamı deyillər. (Onların “Kvartal-95” studiyasının Kolomoyskiyə məxsus “1+1” telekanalı ilə müqaviləsi var idi, hazırlanan şoular və seriallar bu kanalda yayımlanırdı.)

İndi əsas sual budur: Vladimir Zelenski xalqın və Ukraynanın Qərb tərəfdaşlarının gözlədiyi radikal islahatları həyata keçirib, 27 illik müstəqillik dövrü boyunca kök atmış oliqarxik-korrupsion sistemi dağıda biləcəkmi? Zelenskinin bütün hekayəsi bu suala verəcəyi praktik cavablardan asılıdır. Onun əlində indiyədək heç bir Ukrayna prezidentində olmayan real imkanlar var ki, ölkəni bu girdabdan çıxarsın və “Xalqın xidmətçisi” serialında canlandırdığı baş rol ifaçısı İqor Qoloborodkonun dediyi kimi, ukraynalıları naqisliklər içərisində böyüyən “xoxol”dan normal ukraynalıya çevirsin. Ukraynada ilk dəfədir ki, həm prezident, həm də parlament çoxluğu eyni siyasi partiyaya məxsusdur. Zelenskinin prezident seçkilərində parlaq zəfərindən sonra onun serial ilə eyni adı daşıyan partiyası da parlament seçkilərində böyük uğura imza ataraq koalisiya ortağı olmadan təkbaşına hökumət formalaşdıracaq gücə sahib oldu. “Xalqın xidmətçisi” 450 millət vəkilindən ibarət Ali Radada yarıdan çox – 254 mandat qazandı. Zelenski digər siyasi qruplarla, “köhnə qurdlar”la alverə getmədən yeni Nazirlər Kabinetinin tərkibini istədiyi kimi müəyyənləşdirəcək və qanunvericilik təşəbbüslərini hər hansı əngəl olmadan reallaşdıra biləcək. Ötən 27 il faktiki, itirilmiş illərdir, indi köklü dəyişiklikləri çox sürətlə gerçəkləşdirmək imkanı yaranıb. Bu, həm Ukrayna, həm də yeni iqtidar üçün tarixi şansdır. Əlbəttə, Donbas problemi hələ də qanayan yaradır və Ukrayna təkbaşına bu problemin öhdəsindən gəlmək gücündə deyil. Lakin bu məsələ digər ölkədaxili problemlərin həlli üçün maneə deyil. İlk növbədə məhkəmə sistemi “əməliyyat masa”sına qoyulmalıdır, çünki hakimiyyətin 3 qolundan biri olan bu sistem rüşvət və korrupsiya bataqlığından çıxarılıb, sağlamlaşdırılmadan hər hansı islahat uğurla yekunlaşa bilməz. Ermənistanda Nikol Paşinyanın qısamüddətli təcrübəsi də göstərdi ki, postsovet toplumlarında islahatçı qüvvənin (əgər gerçəkdən islahatçıdırsa) icra və qanunverici hakimiyyətləri nəzarətə götürməsi yetərli olmur, üçüncü sac ayağı tamamlanmasa, yeni iqtidar topal qalır. Məhkəmələr köhnə qaydada, alışdıqları şəkildə fəaliyyət göstərməyə davam edəcəklərsə, onda real islahatlardan və sistem dəyişikliyindən danışmağa dəyməz.

İkinci önəmli vəzifə isə Ukrayna iqtisadiyyatını oliqarxların girovluğundan azad etmək və onların siyasətə təsir imkanlarını aradan qaldırmaqdır. Bu baxımdan Zelenskinin Kolomoyski ilə yaxınlığı faktı lakmus kağızı rolunu oynayacaq. Əgər yeni hökumət digər oliqarxları əzib, Kolomoyskiyə toxunmayacaqsa, yaxud ümumiyyətlə, oliqarxik düzənə son qoymayacaqsa, heç nə dəyişən deyil.

Şahin Cəfərli, politoloq