Tramp Əfqanıstandakı “əbədi müharibəni” 2020-ci ilə qədər tamam bitirmək istəyir

Əfqanıstandakı amerika əsgərləri.

Prezident Donald Tramp 2020-ci ilin noyabr ayında keçiriləcək prezident seçkilərinə qədər ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarılacağını hədəfləyib.

Bu haqda dünən, iyulun 29-da Vaşinqtonda “İqtisadi klub” təşkilatının iclasında dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə Tramp “qəti şəkildə əbədi müharibəni qurtarmağa və müharibədən nəticələr çıxarmağa” göstəriş verib.

ABŞ hərbi qulluqçuları Əfqanıstana 2001-ci ildə gətirilib. Hal-hazırda Əfqanıstanda 14 min amerika əsgəri və zabiti var.

Tramp hakimiyyətə gələndən sonra, 2018-ci ildən bəri ABŞ mütəmadi olaraq radikal islamçı hərakat olan “Taliban”la Əfqanıstanda sülhü əldə etmək üçün danışıqlar aparır.

Əsas müzakirə mövzusu xarici hərbi qrupların bu ölkədən çıxarılması və Əfqanıstanın yenidən terrorçu qruplaşmaların məkanına çevrilməməsinə qarantiya verilməsidir. Pompeo deyib ki, tərəflər danışıqlarda əsl uğur qazana biliblər.