Ukraynada Zelenskinin partiyası qalib oldu: Parlamentdə kimlər təmsil olunacaq?

Zelinksi 'exit-poll'un ilkin nəticələri izləyir

İyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib, vətəndaşlar yeni parlamentin tərkibini müəyyənləşdiriblər.

Parlament seçkilərinə dair exit-poll nəticələrinə əsasən, birinci yeri hazırkı prezident Vladimir Zelenskinin “Xalq qulluqçusu” partiyası tutub. Onlar 43,9 faiz səs alıb partiya siyahısı üzrə parlamentdə 126 yer qazanıblar.

Qeyri-rəsmi nəticələrə görə, Ali Radaya 5 partiya düşüb. Ukrayna konstitusiyasına görə, siyasi qurumlar partiya sihayısı ilə parlamentdə təmsil olunmaq üçün azı 5 faiz səs toplamalı idilər.

Kremlin dəstəklədiyi qüvvə də Ali Radada təmsil olunacaq

Parlamentdə təmsil olunacaq digər partiyalar, Rusiyaya yaxınlığı ilə seçilən Viktor Medvedçukun “Müxalifətçi platforma – Həyat Uğrunda” partiyası 11,5% səs, 33 mandat əldə edərək ikinci yeri tutub.

Viktor Medvedçuk və Putin

Rusiyanın açıq dəstək verdiyi, Boyko-Medvedçuk-Rabinoviç triosu minimum 15% səsə ümid edirdi, ancaq qazandıqları 11-12%-lik nəticə uğur sayıla bilməz. Medvedçukun Rusiya prezidenti Putinlə yaxın münsibətləri var.

Keçmiş prezident Petro Poroşenko prezident seçkilərində məğlub olsa da, bu seçkilərdə xalqdan səs almaqla siyasi səhnədən getmək fikri olmadığını sübut edib. Onun partiyası “Avropa Həmrəyliyi” partiyası 8,9% səs alaraq Ali Radada 26 yer qazanıb.

Keçmiş baş nazir Yuliya Timoşenko da yenidən parlamentə düşüb. “Batkivşina” partiyası 7,6% səs qazanıb və 22 yerə sahib çıxıb.

Poroşenko seçkidən sonra, 21 iyul, 2019, Kiev.
Foto: Sergei SUPINSKY / AFP

Daha bir incəsənət xadimi siyasi lider kimi

Ukraynada 2019-cu il baş tutan prezident və parlament seçkilərinin maraqlı tərəflərindən biri də bu oldu ki, mədəniyyət sahəsindən siyasətə gələn, uğurlu ilk addım atan siyasi liderlər meydana çıxdı. Onlardan biri keçmiş aktyor Zelinksi, prezident kürsüsünə oturdu, digəri isə “Səs” partiyasının lideri Vokarçuk oldu.

Seçkinin qaliblərindən biri şübhəsiz ki, Svyatoslav Vakarçukun partiyasıdır. Seçki kampaniyasından çox qısa müddət əvvəl yaranmasına baxmayaraq, partiyanın 5%-lik baryeri aşması ciddi uğur hesab olunur.

Seçkilərdən sonra Kiyevdə danışan prezident Zelenski, rokçu ulduz Svyatoslav Vakarçukun başçılıq etdiyi partiyanı koalisiya qurmaq üçün danışıqlara dəvət etdiyini bildirib.

“Səs” partiyasının lideri, tanınmış müğənni, incəsənət xadimi Svyatoslav Vakarçuk

Ukrayna seçkilərində sonuncu qarışıq sistem

Ukraynada bu seçkilərdə sonuncu dəfə qarışıq seçki sistemi tətbiq olundu: 50% proporsional, 50% majoritar. Zelenskinin partiyası proporsional sistem üzrə açıq fərqlə qalib gəlsə də, təkbaşına hökumət qurub-qurmayacağı birmandatlı dairələrdəki nəticələrdən asılı olacaq.

Bu seçkilərdə Ukrayna toplumu siyasətdə yeni qüvvələr və yeni simalar görmək istəyini bir daha ortaya qoydu. “Köhnələr” xalq tərəfindən tədricən siyasi səhnədən kənarlaşdırılır.

Ali Rada uğrunda seçkilərdə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili də “Yeni Qüvvələr” hərəkatı adı altında qoşulmuşdu. Ancaq səsvermə gününə bir gün qalmış Saakaşvili seçkidə iştirak etməyəcəyini və prezident Zelinskini dəstəklədiyini açıqladı.