Yaponiyada 41 yaşlı şəxs ideyasını oğurladığı üçün cizgi film studiyasını yandırıb

Yaponiyanın Kiyoto şəhərində animasiya studiyasında baş vermiş yanğında ölənlərin sayı 33 nəfərə çıxıb. Daha 36 nəfərin yaralandığı deyilir. Hadisənin səbəbkarı kimi, hadisə yerindəcə 41 yaşlı kişi həbs olunub. O tutlarkən əlindəki benzini studiyanın içinə boşaldıb yandırırmış. İndi onun özü də yanıq xəsarətlərinə görə xəstəxanadadır. Şahidlərin sözlərinə görə yanğından öncə ətrafdan “Ölün!” qışqırıqları eşidilib. Yanğın zamanı studiyada 70-dən çox insan olub.

Yapon televiziyası NHK hadisəni törədən şəxsin özünün də yaralandığını və polis tərəfindən tutulduğunu göstərib. Məlum olub ki, səbəbkar yanğından öncə yerli yanacaq doldurma məntəqəsindən 40 litr benzin alıb və studiyaya yollanıb. İstintaqçıların məlumatına görə yanğını törədən şəxs “Kyoto Animation” şirkətinin onun film ideyasını oğurlamasına görə qisas almaq üçün bu addımı atdığını deyib.

Yanğınsöndürənlər yanğını 5 saat ərzində söndürə bilməyiblər. Hadisə yerinə 30-dan çox yanğınsöndürən gəldikdən sonra yanğın nəzarətə alına bilib. Cizgi film studiyasındakı yanğın XXI əsrdə Yaponiyada ən dəhşətli yanğınlardan hesab olunur.