Azərbaycanda büdcə kəsrinin həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 mlrd. 435.5 mln. manat, xərcləri isə 13 mlrd. 102.7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 2.5 və 12.5 faiz çoxdur.

Son nəticədə büdcədə 667.2 mln. manatlıq kəsir yaranıb.

Bu il dövlət büdcəsinin gəlirləri 23 mlrd. 168 mln., xərcləri isə 25 mlrd. 190 mln. manat müəyyən edilib.

Büdcə kəsiri isə 2 mlrd. 22 mln. manat səviyyəsində təsdiqlənib.