Azərbaycanda pensiya alanların sayı azalır

Azərbaycanda 2019-cu ildə pensiya alanların sayında azalma müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.  

2019-cu il iyulun 1-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291.3 min nəfər pensiyaçı qeydiyyatda olub.

Bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58.4 faizi yaşa, 30 faizi əlilliyə, 11.6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

2018-cı il oktyabrın 1-də Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 309 min nəfər təşkil etmişdi.

Həmin ilin əvvəlində isə onların sayı 1 milyon 318.4 min nəfərə bərabər olmuşdu. Rəqəmlərin müqayisəsinə əsasən, pensiyaçıların sayı son 9 ayda 18 min, 1 il 6 ay ərzində isə 27 min azalıb.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.