“Azadlıq radiosu” Xədicə İsmayılı müdafiə edəcəyini bildirib

Xədicə İsmayılova: “Məni Azərbaycan sistemi ilə təkbətək qoyublar”

Azərbaycan Ali Məhkəməsi avqustun 7-də Azərbaycan qanunlarını və hökumətin, ABŞ-la müqavilələr də daxil olmaqla, beynəlxalq müqavilə öhdəliklərini pozmaqla jurnalist Xədicə İsmayılovaya qarşı əsassız vergidən yayınma ittihamını qüvvədə saxlayıb.

“Turan” agentliyinin məlumatına əsasən, bu bəyanatı “Azadlıq Radiosu”nun prezidenti Ceymi Flay verib.

“Biz əlimizdə olan bütün səlahiyyətlərdən istifadə edərək Xədicəni müdafiə etməkdə davam edəcəyik. Belə ki, bu qondarma ittihamların əsasında onun cəsur araşdırmaçı jurnalist fəaliyyəti dayanır”, deyə Flay əlavə edib.

“Azadlıq Radiosu”nun prezidenti Azərbaycan hökumətini İsmayılovaya tətbiq edilən “səyahət qadağasını ləğv etməyə, əsassız vergi cərimələrini qaldırmağa, bank hesabını yenidən açmağa, öz normal həyatına davam etməsinə və mühüm işini görməsinə imkan yaratmağa” səsləyib.

“Azadlıq Radiosu”nun Azərbaycandakı fəaliyyəti uzun illər Xədicə İsmayılova ilə sıx bağlı olub. O, 2008-10-cu illərdə “Azadlıq Radiosu”nun Bakı bürosunun rəhbəri olub.

Daha sonra araşdırmaçı jurnalist fəaliyyətini genişləndirən İsmayılova Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinə bağlı korrupsiya əməllərini ifşa edib.

“Azadlıq Radiosu” 2012-ci ildə İsmayılova şantaj cəhdi ilə üzləşəndə onun üçün vəkil tutub. 2014-cü ildə İsmayılova Azərbaycanda həbs edildikdən sonra “Azadlıq Radiosu” onun azad olunması üçün ABŞ Konqresi və beynəlxalq QHT-lərə çağırışlar edib.

2016-ci ilin mayında azad edilməsinə baxmayaraq, Xədicə İsmayılovaya qarşı səyahət qadağası və başqa sanksiyalar hələ də qüvvədə qalır.

“Xədicənin rifahı və başqa sabiq Bakı əməkdaşlarımızın rifahı bizim hüquqi strategiyamızın mərkəzindədir və bizim Azərbaycan hökumətinin arbitrar və qisasçı əməllərinə qarşı müdafiə olunmaq üçün verdiyimiz dəstəyin müxtəlif formalarını diktə edib”, deyə Flay bildirib.

Ali Məhkəmənin avqustun 7-də Xədicə İsmayılova ilə bağlı qərarından sonra jurnalist “Facebook” sosial şəbəkəsindəki profilində “Azadlıq Radiosu” nun onu müdafiə etmədiyini qeyd etmişdi.

“Biz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik. Ola bilər ki, 5-7 ildən sonra məhkəmə bu məsələyə baxacaq. Buna qədər mən pul ödəməli olacağam. Mənim isə vəsaitlərim bank hesablarında dondurulub”, – X.İsmayılova yazıb.

X.İsmayılova vurğulayıb ki, radiodan ona zərəri ödəməyəcəklərini bildiriblər və onu Azərbaycan sistemi ilə təkbətək qoyublar.

“Mən ölkəmdə olan haqsızlığa öyrəşməliyəm. Amma bu dəfə məni daha çox pərişan edir. Bəlkə də radionun müdafiəsinə ümid etsəydim, daha asan olardı”, – X.İsmaylova yazıb.