Dənizə düşmüş Azərbaycan təyyarəsini axtarmaq üçün Rusiyadan mütəxəssislər gəlir

RF Xəzər donanmasının mütəxəssisləri qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışına qoşulacaqlar.

Bu barədə RİA Novosti xəbər yayıb. Məlumata görə, RF Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev açıqlama verib.

Axtarış dəstəsinə 50-yə yaxın adam, “Anatoli Qujvin” hidroqrafik gəmi, “SB-45” xilasedici buksirli gəmi daxildir. Həmçinin axtarışa bir neçə sualtı aparatın cəlb edilməsi planlaşdırılır.

Axtarış sahəsi 600 kvadrat metrdən çox, dərinlik 40 metrə qədərdir. Xəzər donanmasının dəstəsi iki sutkadan sonra axtarış işlərinə başlamağı planlaşdırır.

Qeyd edək ki, iyulun 24-də dənizə düşən Azərbaycan HHQ-yə məxsus MiQ-29 təyyarəsinin və onun pilotu Rəşad Atakişiyevin axtarışı hələ ki nəticə verməyib.

Pilotun qohumu Qabil Hüseynli Turan-a bildirib ki, son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış dayandırılıb. Axtarışa çox sayda texnika və mütəxəssis cəlb olunub.

“Türkiyəli mütəxəssislər dənizin dibində fotoçəkiliş apardılar ki, təyyarənin izinə rast gəlmək mümkün olsun. Lakin bu, hələlik nəticə verməyib”, – Q.Hüseynli deyib.

Podpolkovnik Rəşad Atakişiyevin idarə etdiyi təyyarə sahildən 20 km. aralıda dənizə düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, saat 22.00-a yaxın təlim-məşq uçuşları keçirən MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin versiyaya görə, təyyarə dənizə düşüb.