Daha bir 17 yaşlı qızın evlilik məsələsinə görə intihar etdiyi deyilir

Azərbaycanda daha bir 17 yaşlı qızın məcburi evləndirilməsinə görə intihar etdiyi deyilir.

Hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.

Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından Oxu.az saytına verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.

Məlumata görə, qız nənəsi və babası ilə yaşayıb. Atası Aysun Hacıyevanın anasından boşanaraq Rusiyaya gedib. Anası isə İmişli rayonunda ərə gedərək qızı valideynlərinin yanında qoyub.

İlkin məlumata görə, nənə nəvəsini ərə vermək istəyib və bəyin ailəsini də seçib. Lakin qızın özü bu nikahı istəməyib. A.Hacıyeva taxıl kisələrinin üzərinə çıxaraq tikilidə özünü asıb.

Nəvənin meyitini nənəsi tapıb. Onlar bir otaqda yatıblar və qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Oxşar hadisə bir neçə gün əvvəl Zaqatala rayonunda baş verib. Belə ki, bir müddət əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun intiharına səbəb kimi məcburi ərə verilməsi ehtimal olunur.