Demokratlar Trampı ABŞ-da irqçi hücumlara cəsarət verməkdə ittiham edir

ABŞ-ın Texas və Ohayo ştatlarında keçən həftə baş vermiş və 29 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra ABŞ üzrə ümumilli hüzn günü elan olunub.

Hücumların irqçi motivlərdən edilməsinə diqqət çəkən jurnalistlər və demokrat siyasətçilər ABŞ prezidenti Trampın nitqləriylə “irqçiləri cəsarətləndirməkdə” ittiham edib.

Hücumlardan sonra demokratlar partiyasının fəal simaları da ABŞ prezidentinin nifrət mühiti yaradaraq silahlı irqçi hücumçuları cəsarətləndirdiyini dilə gətiriblər.

Bir-birindən 13 saat arayla baş verən və 29 nəfərin öldürüldüyü Texas El Paso şəhəri ilə Ohayonun Dayton şəhərlərindəki hücumlardan sonra açıqlamalar verən demokratlar partiyasının rəsmiləri tənqidləri prezident Trampa yönləndirib.

20 nəfəri yaralayan, 26 nəfəri isə öldürən texaslı hücumçu törətdiyi terrordan öncə internet forumlarından birində Trampın miqrasiya əleyhinə çıxışlarından sitat gətirdiyi ortaya çıxıb.

Demokratlar partiyasından prezidentliyə namizəd olmuş Bernie Sanders Twitter hesabı vasitəsilə Trampa üz tutaraq yazıb ki:

“Cənab prezident irqçi, nifrət dolu və miqrasiya əleyhinə çıxışlarınıza son verin. İstifadə etdiyiniz dil radikalları cəsarətləndirən nifrət mühiti yaradır”.

Sanders həmçinin CNN-ə müsahibəsində deyib ki, “əlimizdəki bütün sübutlar göstərir ki, irqçi, yadellilərə düşmən, ağdərili miliyyətçilərə xitab edən bir prezidentimiz var”.

Bernie Sanders Trampın belə çıxışlarından cəsarət alan tərəfdarlarının silah əldə edərək hücuma keçdiklərini də dilə gətirib.

Demokrat partiyasından başqa bir prezidentliyə namizəd Cory Booker də Trampı “Qorxuları, nifrəti və geri düşüncəni körükləməkdə” ittiham edib.

Silahlı hücumların qurbanlarını anmaq üçün ümumilli yas elan edən prezident Tramp isə çıxışında “ölkəmizdə nifrətə yer yoxdur” deyib.

Tramp həmçinin hücumçuların ruhi xəstəliklərdən əziyyət çəkənlər olduğunu da deyib.

Avqustun 4-də xeyli sayda ispandilli əhalinin yaşadığı El Paso şəhərində 21 yaşlı bir silahlı ‘Walmart’ supermarketində 20 nəfəri öldürüb, sonra təslim olub.

Hakimiyyət bu hadisənin irqi zəmində baş verdiyini bildirir, federal prokurorlar onu daxili terrorçuluq hadisəsi kimi araşdırır.

Polis şübhəlinin manifest yazaraq onlayn yerləşdirdiyini bildirir və buna əsasən də hücumun irqi motivlərlə törədildiyini söyləyir.