Donbassda 6 ukrayna hərbçisini öldürüldü, Zelenski Putinə zəng etdi

İyulun 21-də Ukrayna ilə Donetsk və Luqansk sepereatçı ruspərəst hərbi birləşmələri arasında atəşkəslə bağlı razılıq əldə olunandan sonra avqustun 6-sı atəşkəs ilk dəfə pozulub.

Bu barədə Ukrayna hərbi qüvvələrinin rəhbəri Ruslan Xomçak mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Donbasda altı ukraynalı hərbçi seperatçı qüvvələrin açdığı atəş nəticəsində həlak olub, daha doqquz nəfər isə yaralanıb.

Bu atəşkəs əldə olunduqdan sonrakı üç həftədə ilk belə insident olub.

İnsidentdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 7-də deyib ki, Rusiya prezidenti Vladimir Putinə zəng vurub.

“Ona dərhal zəng elədim və dedim ki, bu bizi sülhə yaxınlaşdırmır”,– deyə Zelenski Kiyevdə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Putinə deyib ki, Moskvanın dəstəklədiyi separatçıları “adamlarımızı öldürməyi dayandırmağa” çağırsın.

Zelenski Putinin ona nəsə vəd etdiyini desə də, detalları açıqlamayıb.

2014-cü ilin aprelindən Ukraynanın şərqində münaqişədə 13 mindən çox adam öldürülüb.

2015-ci ildə atəşkəs əldə olunsa da, kiçikmiqyaslı toqquşmalar can almaqdadır.